Выбрать главу

BƏHRAMIN ÇƏRŞƏNBƏ GÜNÜ QIRMIZI GÜNBƏDƏ GETMƏSİ VƏ

DÖRDÜNCÜ İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

Dey ayında günlər gödəkdir, gödək, Bir gün çox qısaydı Tir gecəsitək.[220] Günlərdən çərşənbə günü yaxşıdır, Həftənin ortası, həftə naxşıdır. Bəhram günü Bəhram rənginə yoldaş, Bəhram şah da oldu onlarla adaş. O gün al rəngini bəzədi ala, Qırmızı günbədə düzəldi yola. Sudan lətafətli, oddan qırmızı, Səqlab ölkəsinin slavyan qızı Bağladı Bəhramın hüzurunda əl, Günə səcdə edən ay olar gözəl. Gecə çəkdi göyə öz bayrağını, Yırtdı gün tağının nur duvağını, Şah dedi: "Baldodaq, almayanaq, gəl, Bizi bir nağıla eylə qonaq, gəl". Gözəl bu arzudan qaçırmadı baş, Əqiqdən dürr etdi hüzura şabaş.[221] Dedi: "Ey evinin kandarı fələk, Günəş çadırının qapısı, gərək Deşilə biləcək hər bir gövhərdən Daha xoş hekayə deyim sənə mən. Kimsə şahım qədər qoy ucalmasın, Səni sevməyənlər ölsün, qalmasın". Belə bir duanı yetirib başa, Tapşırdı ləlini parlaq daş-qaşa.

RUS QIZININ BƏHRAMA HEKAYƏ SÖYLƏMƏSİ

Dedi: – Rus elində vardı qabaqlar, Dilbər gəlin kimi gözəl bir diyar. Orda saray qurub, bir şah yaşardı, Nazla bəslənilmiş bir qızı vardı. Qəmzəsi cadugər, könül ovlayan, Üzü gül, qaməti bir sərvi-rəvan. Bənizi qəşəngdi onun qəmərdən, Dodağı şirindi qənddən, şəkərdən. Zöhrəydi, aşiqi parlaq Müştəri, Hüsnü batil etdi şamı, şəkəri. Qənd həsəd aparıb şirin dilinə, Təng olub dönmüşdü incə belinə.[222] Müşk, saçı yanında hey bağrı qandı, Reyhanı önündə gül bir tikandı. Təravətli üzü bahardan lətif, Şəkildən gözəldi, şəkildən zərif, Gözünün xumarı nərgiz yuxulu, Nəsrinin qəmzəsi alınma qulu, Qəddi bağ sərvitək xeyli ucaydı, Çırağa bənzəyən çöhrəsi aydı. Gülab baş əyərdi adamlarına, Gül xidmət eylərdi qulamlarına. Şəkər gülüşlüydü, günəş camallı, Həmi hünərliydi, həmi kamallı. Oxuyub hər dərsi bilik yığaraq, Yazmışdı hər elmə dair bir varaq. Çox tilsim kitabı vurmuşdu başa, Sehrlər məlumdu o qələmqaşa. Saçları yaşmaqdı gül surətinə, Boyun əyməmişdi ər minnətinə. Oydu zamanının gözəl dilbəri, Neylərdi yoldaşı, neylərdi əri. Yayıldı nəhayət xəbər hər yana: Cənnətdən bir huri gəlib cahana. Ayla gündən doğub o şux dilfərib,[223] Zöhrə, Ütariddən ona süd verib. Coşdu eşidənlər – uzaq və yaxın, Yeridi elçilər hey axın-axın. Biri zor göstərdi, biri zər, yalnız Zoruyla qorudu zərini o qız. Atası olmuşdu hər işdən bezar, Çünki hesabsızdı gələn aşiqlər. Döndü bir acizə nəhayət o mərd, Necə oynayaydı yüz həriflə nərd. Xəlvətdə əyləşən saray gözəli Gördü elçilərin uzundur əli. Olum sədəmədən göy kimi uzaq Deyərək, axtardı ən uca bir dağ. Əmr etdi bir yüksək qala tikdilər, Dağ başından göyə bir dağ çəkdilər. Yalvarıb atadan izn istədi: – Səfər tədarükü hazır et, – dedi. Ayrılıq nə qədər acı olsa da, Ata izn verdi o pərizada, Evdən getsə əgər o şirin nigar, Qapıdan, bacadan girməz arılar, Qarada saxlansa xəzinə, əlbət, Keşikçi oğrudan çəkməz əziyyət. Bəzən o naz ilə seyrə çıxardı, Tikilən qalanı gəzib baxardı. Nə zaman təpərli bir qala qurdu, Gedib xəzinətək orda oturdu. Bu uca qalaya tənha köçəli Adını qoydular: qala gözəli. Orda işləməzdi oğrunun başı, Çünki Ruyindizdi onun hər daşı.[224] Qız yaşayıb qaldı möhkəm qalada, Heç görən olmadı onu röyada. Quldurlar o qızın gücünü sezdi, O çox aşiqlərin qəlbini əzdi. Hər işdə işlədi ağlı, kamalı, Çarələr eylədi fikri, xəyalı. Səmadan, ulduzdan verərdi nişan, Önündə təbiət əyandı, əyan. Hər şey məlum idi o şux gözələ, Ruhani sirləri almışdı ələ. Vaqif idi quru, yaş hikmətinə, Suların sirrinə, od qüvvətinə, Bilirdi nə ilə insan insandır, Ulduzlar məclisə nələr saçandır. Elmə gərək olan dünyada nə var? Bəşər nəsli nədən təravət tapar? Bilik toplamaqdı hər zaman işi, Bu qadın elə bil kişiydi, kişi! O gündən ki, o quş qalaya süzdü, İnsan övladından əlini üzdü. Qalanın yolunda tərpənib zirək, Əlilə birbəbir özü düzərək, Daşlardan, dəmirdən tilsimlər qurdu, Hər tilsim elə bil xəncər tuturdu. Qalaya keçməyə hər kim gələrdi, O kəsi qılınclar iki bölərdi. Gələnlər olurdu aciz-avara, Təkcə keşikçiydi bələd yollara. O da tilsimləri daim sayardı, Atdığı addımı hesablayardı. Əgər hesabında olsaydı naşı, Kəsilib torpağa düşərdi başı. Bir zərbə olardı qılıncdan payı, Girərdi buluda ömrünün ayı.
вернуться

220

Dey ayı (دی) – şəmsi (günəş) təqviminin onuncu ayı, dekabrın 22-dən yanvarın 22-nə müvafiq gəlir.

Tir ayı (تیر) – şəmsi təqviminin dördüncü ayı, iyunun 22-dən iyulun 22-nə uyğun gəlir.

вернуться

221

Yəni o, öz əqiqə bənzər al dodaqlarından dürr tökməyə başladı.

вернуться

222

Beytin əsli belədir: O gözəlin şəkərə bənzər ağzı o qədər zərif və dar idi ki, şəkər dağının ürəyi həsəddən onun incə və dar kəmərinin halqasından da dar olmuşdu.

вернуться

223

Dilfərib – könül aldadan, məftun edən, cazibədar gözəl.

вернуться

224

Ruyindiz – İndi Rəvandüz deyilən keçmiş Ruyin-Dej qalası. Marağanın yaxınlığında yerləşmiş həmin qədim və alınmaz qala Marağa hakimi Körpə Arslanın qərargahı idi. Ruyinduz bürünc qala deməkdir.