Выбрать главу
Göyün qapısına bənzərdi, inan, Qalanın qapısı nihandı, nihan, Eyləsə mühəndis bir ay yüz əməl, Onun qapısına uzatmazdı əl. Nəqqaşdı orada oturan pəri, Sanki Çində tikmiş bəzək evləri. Əlində rəsm olur incə duyğular, Suya sədəf kimi düyünlər vurar.[225] Huri saçlarına qələmi oxşar, Vurar kölgələrə nurdan naxışlar. Qalada şahlığa çatdı gözəl ay, Aldı camalından o yerlər də pay. Günlərin birində soyunub tamam Çəkdi öz əksini bizim güləndam. Başının üstündə yazdı ən gözəl Bir xətlə ipəkdə gəzdirərək əclass="underline" "Bu uca qalada tutmuşam qərar, Gəlsin hüzuruma aşiq olanlar. Nura tamaşaya pərvanə gəlsin, Uzaqda durmasın, meydana gəlsin. Belə bir qalaya girər mərd kişi, Bura girmək deyil namərdlər işi. Hər kim arzulayır belə cananı, Bir yox, gərək olsun onun min canı. Durmasın, tələsik yola düzəlsin, Dörd şərti gözləyib hüzura gəlsin. Belədir birinci şərtimiz: ad, san, Gözəllik, igidlik, bir də şərəf, şan. İkinci: kamalı möcüzlər saçsın, Yolun tilsimini əqliylə açsın. Üçuncü: tilsimi açdımı, dərhal Çatsın imdadına düşüncə, xəyal. Qala qapısını tez nişan versin, Damdan yox, yanıma qapıdan girsin. Dörduncü: qurtarsa bir-bir şərtləri, Durmasın, şəhərə qayıtsın geri. Atam sarayında yenə bu minval Ondan eyləyərəm bir neçə sual. Versə ləyaqətli cavablar əgər, Olar mənim üçün, demək, can-ciyər. Şərtimi yerinə hər kim yetirər, Olacaqdır mənə bir sevimli ər. Yox, əgər qırarsa şərti, peymanı, Düşsün öz boynuna özünün qanı. Kim ki, bu şərtlərə eyləsə əməl, Onundur səadət hər şeydən əvvəl. Sözünü tutmayan hər an alçalar, Zaman şöhrətinə gülər, əl çalar". Yetirildi vərəq belə tamama, Qız uzatdı onu yaxın adama. Dedi: "Dur ayağa, al bu vərəqi, Çıxart bu pərdədən üzə təbəqi. Şəhər qapısında bir uca yer gəz, Bu şəkli, yazını as oradan tez. Qərib ya şəhərli, təfavütü yox, Mən kimi gözələ kim vurulsa çox, Tutub şərtlərimi düzəlsin yola, Ya ölsün, ya onun olsun bu qala". Qızın sözlərinə qul əməl etdi, Şəkli götürərək durmadı, getdi. Asdı surəti ki, o qələmqaşa Baxsın aşiqləri, etsin tamaşa. Kimin meyli tutsa belə gözəli, Töksün öz qanını onda öz əli. Bu xəbər bürudü hər vilayəti, Şahlar da eşitdi bu hekayəti, Gəzdi ağızları, dillərə düşdü, Aşiqlər sel kimi çöllərə düşdü, Çoxları qırılıb öldü qalada, Verdi həyatını nahaqdan bada. Ona üz çevirib gələn hər adam Vurular, düşməni alar arzu, kam. Çoxları işlətdi ağıl, nə çara, Ağıl da gəlmədi bu işdə kara. Tədbirlə gəldisə yaxın hər biri, Vurub puç edirdi əfsun tədbiri. Açırdı bir neçə tilsim qüdrəti, Yenə çaş qalırdı gücü, qüvvəti. Acizlik üzündən düşüb pərişan, Olurdu bu yolda rüsvayi-cahan. Çoxlarının axdı nakam göz yaşı, Sevginin yolunda kəsildi başı. Çoxları o yolda oldular tələf, Bulanmışdı qana hər yan, hər tərəf Asılmış başlarla hər tərəf doldu, Şəhərin qapısı görünməz oldu. Dünyada hayana baxsanız əgər Möhkəm qalalarla bəzənər şəhər, O pəri qızışıb zülümlər etdi, Şəhri hasarla yox, başla bəzətdi. Hələ bir görmədən o qələmqaşı Çoxunun bədəndən ayrıldı başı. Vardı bir qəhrəman, igid şahzadə, Nəsilli, əsilli, gözəl, azadə. Dillərə düşmuşdü ağlı, kamalı, Qılıncla ovlardı şiri, maralı. Bir gün bu şahzadə at qova-qova Çıxmışdı çöllərə şəhərdən ova. Gördü ki, qaladan asılmış yazı, Yanında min şüşə zəhər var azı. İpək parçasında çəkilmiş gözəl, Bir şəkil, söyləyir elə biclass="underline" – Gəl, gəl! O, surət deyildi, bir mahcamaldı, Səbrü-qərarını oğlanın aldı. Gənc dedi: – Afərin o sənətkara Ki, bu şəkli çəkib asıb divara. Rəsmin ətrafında gördü daş üstə Qalayıb yığıblar başı baş üstə. – Nəhəng ağzındakı, – dedi, – gövhəri Qoyub qaçım? Deyil qaçmağın yeri. Bu eşq lövhəsindən əgər çəksəm əl, Hicran varlığıma yetirər xələl. Könül bu həvəsdən imtina etməz, Baş gedər, bu həvəs başımdan getməz. İpəkdəki surət sevimli, canlı, Xəzinə ilanlı, xurma tikanlı. Bu yolda kəsilmiş gör nə qədər baş, Bu iş nəhayətə yetəydi, ey kaş. Tutaq başım düşən yarpağa döndü, Torpaqdan yaranan torpağa döndü. Nə fayda? Çəkməsəm ipdən əgər əl, Keçər başım ona özümün əvvəl. "Yox" desəm, yar üçün candan keçilər, Sanma ki, ondan da asan keçilər. Üstəlik söylədi: – Bu şəkli pəri Çəkmiş ki, toplasın saysız müştəri. Pəri əfsununa əfsun etməli, Fitnəkar üstünə fellə getməli. Əgər bağlamasan onun dilini, Geri dur, bu işə vurma əlini! Gərəkdir axtaram elə bir çara Ki, qurdun ağzından qoyun qurtara. Hər kəs zor göstərsə işində əgər, İşinin nizamı pozular gedər. Əməlində çəkin xırdaçılıqdan, Qarşına çıxmasın böyük bir ziyan. Sazına dünyanın ahəngini qat, Aram ilə yapış, möhkəmliklə at. Könlüm düşüncəmdən daha xarabdır, Ürəyimdən artıq ciyər kababdır. Belə bir ürəklə necə olum şad, Belə düşüncəylə nə eyləyim yad. Deyib bu sözləri qəmləndi, nagah, Çəkdi yanıq-yanıq, çox soyuq bir ah. Baxdı, gözlərindən axdı ilıq yaş, Gördü döşənəcək qılınc, teşt və baş. Könül arzusunu pünhan saxladı, Fikrini açmadı oğlan, saxladı. Şəhər qapısına hər səhər çağı, Gələrkən gülməzdi qaşı-qabağı. Baxdıqca surətə hey dərin-dərin, Yadına düşərdi Fərhadla Şirin. Tilsimi açmağa yüz min açara Əl atdı, tapmadı yenə bir çara. Yüz min baş asılı ip gördü ancaq, Almadı bu ipin ucundan soraq. Gah qabağa çapdı, gah dala çapdı, Zənn etmə ancaq ki, düyünü tapdı. Buraxdı qüruru, kibri kənara, Tədbir tapmaq üçün düşdü diyara, Aradı hər yanda işə çarəsaz, Onu sıxan bəndi boşaltsın bir az. Vardı bir ağıllı, hünərli insan, Məlakələr tutan, divlər bağlayan, Tutub cilovlardı hər şıltaq atı,
вернуться

225

Sədəf adi yağış damlasını tutub öz içində düyünləyərək dürrə çevirən kimi onun qələmi də kağıza dəyən kimi inci kimi qiymətli naxışlar yaradır.