Выбрать главу
Çox sənin kimiyə qəbir qazdırmış. İnsanıq, atmarıq çöldə biz səni, Saxlarıq bu gecə ikimiz səni. Gəl, gir ortalığa, unut qəmini, Bizimlə bərabər at qədəmini. Bələdçilər yanda, ortada Mahan, Mil-mil yol getdilər, bir xeyli zaman. Sübh açıldı yenə, gedirdilər lal, Bəli, gedirdilər onlar bu minval. Xoruz nağaratək səs-səsə qatdı, Səhər zər təbili dərəyə çatdı.[231] Açarsız zindana döndu o dostlar, Gözdən işıq kimi söndü o dostlar.[232] Mahanın qalmadı güc dizlərində, Yorulmuşlar kimi qaldı yerində. Gündüz işığını göylərdə yaxdı, Gecənin al qanı torpağa axdı. Çıxdı qarşısına silsilə dağlar, Bu yerdə pələnglər tutmuşdu qərar. Zərrə qalmamışdı tabı, tavanı, Əfsus, ah olmuşdu yağlı-yavanı. Otlardan, köklərdən nə tapsa Mahan Çarəsiz qalaraq yedi acından. Onun dayanmağa yoxdu təhəri, Yeridi, qalmadı yolundan geri. Gün batdı, ay doğdu, o dağlar aşdı, Canından, dünyadan o təng dolaşdı. Zülmət bürüyüncə bu ağ dünyanı, Yenə də yolçunun ağrıdı canı. Girib mağaraya yuxuya getdi, İnsandan özünü orda gizlətdi. Səs duydu, dedi ki: "Bu səs nə ola?" Çıxdı mağaradan, göz dikdi yola. Gördü ki, bir atlı tufan qoparır, Yedəkləyib sürür, bir at aparır. O gəlib Mahana etdi tamaşa, Gördü ki, bir nəfər qısılıb daşa. Atları sürətlə sürən o adam Dayanıb, etmədi yoluna davam. Dedi: – Ey fitnələr, fellər yoldaşı, Kimsən, nə gəzirsən belə dağ-daşı? Sirrindən etməsən xəbərdar məni, Bu saat qanına boyaram səni! Mahan saralaraq oldu zər kimi, Durdu tum səpməyə kəndlilər kimi.[233] Dedi ki: – Yel kimi yol gedən igid, Gör nələr çəkmişəm, qulaq as, eşit. Dedi o yolçuya, dedi hər nə var, Nələr bilirdisə gizli, aşikar. Axırda qurtardı qəmli əhvalat, Əlini dişləyib çapar qaldı mat. Dedi: – Lahövl oxu, özünə bir an[234] Ölümdən, dəhşətdən ey nicat tapan! Cindir söylədiyin o arvad, kişi, İnsan azdırmaqdır onların işi. Tökərlər kahada adam qanını, Qaçarlar eşidib xoruz banını. Dişisi Niladır, kişisi Kila, İşləri pislikdir, işləri bəla. Şükr et, qurtarmısan əllərindən sağ, Qorxma, hünərli ol, ata min, qaçaq. Atlan, fürsət tapaq zalim zamandan, Dilini qısa et yaxşı-yamandan. Ardımca bu atı sür dönüb yelə, Gətir ürəyində Allahı dilə. Mahan ki, küsmüşdü ömrə, həyata, Sustalıb qalmışdı, tez mindi ata. Keçdi at çaparaq geniş çölləri, Qoydu arxasında əsən yelləri. Bir qədər getdilər, dırmanıb yala, Qorxulu yerləri qoydular dala. Durub bir təpədə baxdılar düzə, Göründü göy çəmən oradan gözə. Qalxırdı göylərə xanəndə səsi, Bərbətin naləsi, rudun naləsi. Buradan "Gəl" deyib çağırırdılar, Oradan "Nuş olsun" bağırırdılar. Səbzə, gül yerinə bu çöl, bu dərə Olmuşdu hay-küylü məskən cinlərə. Divlərin əlindən gələrək zara, Dağ çölə sığınıb, çöllər dağlara. Minlərlə div minib divin dalına, Çöl matdır onların qeylü-qalına. Torpaq sovururlar dönüb tufana, Oxşarlar zəliyə, qara ilana. İş gəlib yetişdi elə bir yerə Ki, hay-küy sədası qalxdı göylərə. Hamı çəpik çaldı, gəzdi, oynadı, Hay-küydən başlarda beyin qaynadı. Çığırtı hər yeri bürüdü, aldı, Getdikcə ucaldı, daha çoxaldı. Bir qədər keçmədi, çölü əlbəəl Bürüdü minlərlə alovlu məşəl. Sonra da dəstələr gəldi bədheybət, Kənardan baxanı alırdı dəhşət. Gəldi zəncir kimi sallaqdodaqlar, Qətrandan geyimlər, qırdan papaqlar. Xortumlu, buynuzlu bir yox, beş deyil, Sanki birləşmişdi öküz ilə fil. Zəbanilər kimi sərxoşdu hamı,[235] Əlləri məşəlli, çirkin əndamı. Saçır ağızları alov dörd yana, Hamı beyt oxuyur, vurur şax-şana.[236] Elə bir çalhaçal işə salırlar Ki, bütün dünyanı ələ alırlar. Oynayır Mahanın altında at da, Belə vurhavurda, belə büsatda. Mahan göz dikdi ki, baxıb görsün at Nə üçün altında açıb qol-qanad? Gördü altındakı dərddir, xətərdir, Mindiyi at deyil, qızğın əjdərdir. Dörd ayağı vardı, iki qanadı, Yeddi başı görcək ağlı oynadı. Halqa kimi bizi bürüyən fələk Yeddi baş əjdərdir, heyrət nə demək?[237] Cəhənnəm əjdəri belində Mahan, Möhkəm sarılmışdı ona qorxudan, Qəribə bir oyun oynayırdı div, Min hala düşürdü, qaynayırdı div. Döyür ayağını kinlə torpağa, Açılır, bükülür, dönür yumağa. Qüzeydə bəslənən bir çöpdü Mahan, Qatıb qabağına sel onu dağdan Çapırdı, çırparaq o yan, bu yana, Əziyyət verirdi əzgin insana. Qaçıb sərxoş kimi o baş, bu başa Vururdu xəstəni torpağa, daşa. Qalxırdı yerindən bəzən dağ kimi, Oynadırdı onu oyuncaq kimi. Sübh açılıb xoruz banlayanadək Mahanın başına açdı min kələk. Səhər şir ağzında nəfəs alınca, Əjdaha Mahanı yerə salınca, O vurhavur gəlib axıra çatdı, Qara qazanların qaynarı yatdı. Elə ki əjdaha itdi gözündən, Cin vurmuşlar kimi getdi özündən. Düşdü yol üstündə soyuq torpağa, Döndü ölüb gedən sarı yarpağa. Günəş qalxmayınca göyün üzünə, Gəlmədi xəstəmiz əsla özünə. Elə ki beyninə isti yayıldı, Ovub gözlərini xəstə ayıldı. Başını qaldırıb tez baxdı düzdən, Keçirdi ətrafı yaxşıca gözdən. Gah solu seyr etdi, gah süzdü sağı, Bir çöl gördü, yoxdur ucu-bucağı. Əlvan torpağının mənzərəsi var, Rəngi qıpqırmızı, özü od saçar. Bir başı qılıncla vursalar əgər Fərş salıb üstünə torpaq tökərlər. Çöl bayraq qaldırmış: tökülsün al qan, Odur qum səpdirmiş, fərş salmış əlvan. Mahan çox çəkmişdi gecə zilləti, Gəlincə yerinə huşu, qüvvəti, Vəhşətlər əlindən qalxıb qaçaraq, Qəmlilər yurduna qanad açaraq, Zəhərli havadan o qorxa-qorxa Dönüb tüstülərə, çıxırdı yoxa. Elə gedirdi ki, hər atılan ox
вернуться

231

Xoruzun səsi nağara səsi kimi göylərə ucalanda, günəşin qızıl təblinin səsi ucalıb dağa, dərəyə çatanda, yəni səhər açılanda.

вернуться

232

Yəni açıq zindandan məhbuslar yox olan kimi, cinlər də yox oldular.

вернуться

233

Kəndlilər yerə toxum səpən kimi Mahan ətrafına söz səpərək yaltaqlıq etməyə başladı.

вернуться

234

Lahövlə dəhşətli və qorxunc bir hadisə görəndə oxunulan məşhur ərəb formulasıdır: "La haulə və la qüvvətə illa billah il-Azim" (لا حول ولاقوة إلا بالله العلي العظيم) (Əzəmətli Allahdan başqa heç kimsədə qüdrət və qüvvət yoxdur.)

вернуться

235

Zəbani – cəhənnəm məmuru.

вернуться

236

Şax-şana – çırtıq vurmaq, əl çalmaq.

вернуться

237

Beytin mənası: Bizim dövrəmizi kəmər kimi qurşaqlamış göyün yeddi baş əjdaha olması heç də təəccüblü deyil. Əjdahanın iki qanadı – gecə və gündüz, dörd ayağı – dörd ünsür və yeddi başı – yeddi qatdan ibarət olan göy. Əjdaha deyərkən şair cismani həyatı, təbiəti nəzərdə tutur.