Выбрать главу
Özunü yetirsin bəlkə onlara. Huri saçlarını istədi hörsün, Qiyamət görmədən cənnəti görsün. Düşdü xatirinə nə demişsə pir, Çəkdi çılğınlığın bağını bir-bir. Gözəllərsə yenə süzür, süzürdü, Hər oynayan pəri bir can üzürdü. Belə şadlıq edib, deyib çaldılar, Sonra məclis qurub, süfrə saldılar. Ləl ilə dürr idi tamam o süfrə, Dürr lələ qarışmış, ləl isə dürrə. Su və od görməmiş dadlı yeməklər, Müşkdən, gülabdan saçırdı ənbər. Üstü zəfəranlı xoş zirə aşı,[247] Narplov, aş demə, aşların başı. Tər bulğar quzusu, toyuq, yaş balıq,[248] Ləziz yeməklərlə doldu ortalıq. Çörəklər, lavaşlar kafurdan da ağ, Huri sinəsitək zərif, yupyumşaq. Düzülmüş süfrədə halva yan-yana, Nə mümkün bunları saymaq insana. Hələ o külçələr, o yağlı fətir, Onlardan ətrafa yayılan ətir. Yoxdu bu məclisin əsla nöqsanı, Yığıb gəlmişdilər bütün dünyanı... Baş gözəl birinə dedi: "Əzizim! Tezmi cüt olacaq təkimiz bizim? Ud qoxusu gəlir, eylə hərəkət, O xam səndəldəki uda tərəf get. Uda bürünmüşdür o ud ətirli, Səndəldən asılıb olmuş səndəli. Qara udla sarı səndəldən gecə Bir ud bəxş eyləmiş bizə gizlicə. Onun xoş ətrindən məst oluruq biz, Xoş xasiyyət olsa daha da əziz! Görünür ağacda aşina bir kəs, Bəsləyir qəlbində arzuyla həvəs. Çağır ki, uyuşa cəlalımızla, Ta gəlib oynasın xəyalımızla. Gəlməsə, de, gəlsin, hazırdır süfrə, Qoy o sevgimizi salmasın yerə. Söylə ki, gözləyib qonağı, gözəl Uzatmayacaqdır yeməklərə əl. Gəlsin vüsalımdan olsun bəhrəmənd, Açıq süfrəmizi eyləməsin bənd". Səndəl budağına yönəldi pəri, Dedi inci kimi bakir sözləri. Dil açdı salamla xoş bülbül kimi, Ağacdan qopardı onu gül kimi. Yer gözəl, yar gözəl, cənnət kimi bağ, Oynaya-oynaya gedirdi qonaq, Elçinin dalınca yeyin bağ içi, Bu işçin gəzirdi belə bir elçi. Qızdı cavan qanı, qızdı gözləri, Yadına düşmədi pirin sözləri. Bir gəncin ürəyi coşsa dünyada, Düşməz nəsihəti pirlərin yada. Nə zaman ki, sevgi həyanı dəldi, Mahan o gözəlin yanına gəldi: – Ah, qonaq nə qədər gözəldir, – deyə, Taxtından duraraq düşdü səcdəyə. Apardı Mahanı xas yerə dilbər, O, gülab çilədi, bu səpdi şəkər. Qonaqlıq rəsminə eyləyib əməl, Süfrədə onunla bir yedi gözəl. Belə əmr edirdi ixlas, sədaqət, Hər dəqiqə ona edilsin hörmət, Elə ki doydurdu onları təam, Ruha qida oldu yaqut rəngli cam. Sərxoşluq əl atıb yırtdı həyanı, Məhəbbətin odu yaxdı Mahanı. Elə bil ay onun, o da ayındı, Ayüzlü utanıb ondan yayındı. Aldı qucağına Çin gözəlini, Öpdü gümüş rəngli sərvin əlini. İçdi şərabını, sanma ki, doydu, Öz yaqut möhrünü əqiqə qoydu.[249] Elə ki diqqətlə baxdı işığa, O gözlərdə olan yar-yaraşığa, Gördü vurulduğu bu nazəndə, bir Qəzəbdən yaranma qart ifritədir. Vəhşi qaban dişli heyvandır, heyvan, Belə bir əjdaha görməmiş insan. Yox, əjdaha deyil o, əhriməndir, Ağzı göylər qədər, bəlkə də gendir. Üzü qırış-qırış, halı yamandır, Elə bil ki beli əyri kamandır. Özü qozbel, üzü xərçəngdən bədtər, Ağzından çıxan iy min ağac gedər. Kərpic kürəsinə bənzər burnu var, Ağzı boyaqçının küpünə oxşar. Timsahı andırır açıq dodağı, Basıb qucağına yazıq qonağı, Öpüşlər götürür, doymur gözləri, Ağzından bu olur çıxan sözləri: – Ey, başı pəncəmə ilişən cavan, Bədəni dişimdə çeynənən insan! Mənə diş yetirib əl atdın ki, sən Üzümü, çənəmi bəlkə öpəsən. Qılıncdır, nizədir bu diş, bu dırnaq, Diş, dırnaq bu sayaq olar, yaxşı bax. Əvvəl nədən mənə göstərdin həvəs? İndi neçin belə sustalmısan bəs? Öpüş al, bu dodaq haman dodaqdır, Üz o üzdür, yanaq haman yanaqdır. Hiyləgər saqidən piyalə alma, Başını qovğaya, bəlaya salma! Darğası yol kəsən küçəyə getmə, Ev tutma orada, kirayə etmə! Sənə belə rəftar layiqdir əlbət, Edəcəyəm sənə zülüm, əziyyət. Görməsəm adıma layiq işləri, Olaram əvvəlki nazənin pəri.[250] Belə söyləyərək onu didirdi, Odlu nərələrlə tənə edirdi. Tabdan düşdü Mahan baxantək aya, Gördü ki, ay dönub bir əjdahaya. Gümüşbaldır deyil, donuzdırnaqdır, Öküzgözlü deyil, öküzayaqdır.[251] Qır kimi əjdəri görüb, doğrusu, Qorxusundan Mahan boşaldırdı su. Qorxaq uşaq kimi haray çağırdı, Doğan arvad kimi bar-bar bağırdı. Söyüdə, div kimi o qara qaban Öpüşlər yağdırır od dodağından. Dünyanın sabahı gözünü açdı, Xoruzlar banladı, div qoyub qaçdı. Güldü şəfəqlərdə üzərək həyat, Yoxaldı, qalmadı xəyal, xəyalat. O lələ bənzəyən saxsılar itdi, Qalan heç olmadı, hamısı getdi. Hələ günəş tamam yayılmamışdı, O bihuş yatırdı, ayılmamışdı. Ətrini saçınca günün reyhanı, Gətirdi özünə yazıq Mahanı. Olduqca yaramaz bir aləm gördü, Cənnət əvəzində cəhənnəm gördü. Ney gedib, qalmışdı nalələr ancaq, Xəyalın gözünə dolmuşdu torpaq. O bina dediyin bir xəyal imiş, Xəyaldan yaranan qərib hal imiş. Bağın çiçəkləri çevrilmiş xara, Eyvan dedikləri dönmüş buxara.[252] Sərvlər, şümşadlar qara bir tikan, Meyvələr qarınca, ağaclar ilan. Toyuğun, keçinin döşü, can əti Yayır ortalığa leş üfunəti, Heyvan sümüyüymüş ney, rübab və çəng, Görünmüş Mahana qəşəngdən qəşəng. O gövhər səpili qiymətli fərşlər Dabbağlanmış çirkli gön idi yeksər. Hovuzlar ki vardı, suyu göz yaşı, Üfunətli göldü hər addım başı. Süfrədə yarımçıq qalmış hər nə var, Saqi badəsində qalan şərablar, Sanma can mülkünü rahət eylərdi, Bunlar irindən də murdar şeylərdi. Xoş ətirli reyhan, içilən şərab Sən demə, əslində çirkabmış, çirkab. Bu işə mat qalan Mahan çəkdi ah, Öz-özünə dedi: "Əstəğfürullah". Nə ayağı vardı düzəlsin yola, Nə əli vardı ki, bu yerdə qala. Fikirləşib dedi: "Qəribə işdir, Bu şəkildə naxış görünməmişdir. Dünən oldu yerim gözəl bağça-bağ, Bu gün möhnətxana çəkdi mənə dağ. Gül nədən gözümə görünür tikan, Nədir hasil olan ömür bağından? Xəbərimiz yox ki, nəyimiz varmış, Ayın arxasında əjdər yaşarmış. Bilərsən pərdəni götürsən əgər, Əbləhlər nə ilə sevdaya düşər. Bu Çini bəzəkli, bu rumisurət Dəyişərək olmuş, bax, zəncisifət. Qan üstə çəkilmiş o dəri ki var, Zahiri ətirdir, batini murdar. Varlıq hamamından dəri çəkilsə, Tapılmaz külxanı sevən bir kimsə. Çoxları səbətdə möhrə gəzdilər, İlan olduğunu baxıb sezdilər.[253] Bu quru heybədə qafil insanlar Çör-çöp tapıb onu müşkə oxşadar". Bədxahlardan azad olunca Mahan, Mən də xilas oldum onun nağlından. Yaxşı iş görməyi fikir eylədi, "Tövbə, tövbə" deyib, nəzir eylədi. O, Tanrıya tərəf birbaş gedirdi, Gözlərindən töküb qan, yaş gedirdi. Yetişdi bir duru axar bulağa. Yuyub üz-gözünü düşdü torpağa, Qapandı səcdəyə, süpürdü yeri, Dedi: "Ey qoruyan kimsəsizləri! Aç mənim işimi, yol göstər mənə, İnsan ümidini bağlayır sənə. Özgə yol göstərən varmıdır, hanı? Yalnız sən açırsan bağlı olanı. Gözlərə nur verən yeganə sənsən, Hər zaman, hər yerdə yol göstərənsən". Ağladı, yalvardı pərvərdigara, Sürtdu üz-gözünü toza, qumlara. Nəhayət başını qaldırdı yerdən, Gördü qabağında bir insan birdən. Yaşıl geyinmişdi asiman kimi, Üzü qırmızıydı aydın dan kimi. Mahan: – Kimsən? – dedi. – Niyyətin nədir? Qiymətli gövhərsən, şöhrətin nədir? – Xilaskarın Xızram, – dedi, – mən sənin, Gəlmişəm tutmağa əlindən sənin. Niyyətin meyvələr bitirəcəkdir, Səni öz evinə yetirəcəkdir. Əlini ver mənə, durma hünər saç, Əvvəl yum gözünü, yenə sonra aç. Xızrın salamını Mahan eşitdi, Dirilik suyuna guya ki, yetdi. Verib tez əlini onun əlinə, Haman könül verdi Xızr əməlinə. Bir an çəkmədi ki, açdı gözünü, Div azdıran yerdə gördü özünü. Tez açıb qapını bağa yönəldi, Xaraba ölkədən Misirə gəldi. Gördü sakit duran yoldaşlarını, Qəmdən göy geyinən sirdaşlarını. Nələr çəkdiyini bir-bir danışdı, Qulaq asan dostdu, yaxın tanışdı, Bildi yoldaşları, yaxın dostları Ondan ötrü geymiş bu göy paltarı. O da geyinmədi nə al, nə qara, Özünü oxşatdı yalnız dostlara. Göylərin rənginə uyaraq Mahan, Bağlandı göy rəngə ürəkdən, candan. Göyə ən xoş gəldi, göy rəng görundü, Başqa rəng tapmadı, göyə büründü. Hər kim ki, əyninə göy paltar geyər, Günəşi özünə çörək eyləyər. Əzrəq gülü ki var, göy əlbisəli, Bu üzdən olmuşdur günəş qürsəli.[254] Günəş hər tərəfə dolandırsa baş, Ona üz döndərər gül yavaş-yavaş. Hər gün ki, göy rəngdir eşit, müxtəsər, Ona günəşpərəst hindu deyərlər. Ayüzlü qurtardı bu hekayəti, Şah qucub, bağrına basdı afəti.
вернуться

247

Zirə aşı – şüyüd plov.

вернуться

248

Bulqar – Nizami dövründə Volqa çayı ətrafında yaşayan və IX əsrdən böyük dövlət qurmuş türk xalqlarından biri. Bulqarlar, əsasən, heyvandarlıqla məşğul olurdular və öz cins qoyun sürüləri və at ilxıları ilə məşhur idilər.

вернуться

249

O, öz yaquta bənzər ağzı ilə onun əqiqə bənzər al dodaqlarını öpdü.

вернуться

250

İfritə demək istəyir ki, əgər o Mahanın başına min cür oyun, fəlakət gətirməsə, qoy o Mahanın əvvəl gördüyü kimi gözəl pəri simasına mübtəla olsun. İfritə üçün gözəl gəlin simasında qalmaq böyük əziyyət və eybəcərlikdir.

вернуться

251

Öküzgözlü – klassik ədəbiyyatda ceyrangözlü məfhumuna bərabərdir, çünki öküz gözləri iri və gözəl olur.

вернуться

252

Əslində buxar deyil, buxarıstan yazılmışdır, üfunətli buxar qalxan yer deməkdir.

вернуться

253

Qədim təsəvvürə görə, ilanın başında yerləşmiş bir möhrə vardır ki, ən yaxşı padzəhrdir və ilan vuranı onunla sağaldırlar.

вернуться

254

Qürsə – kökə, qürs – günəşin dairəsi, günəş şarı. Bu omonimiyadan istifadə edərək şair söz oyunu yaradır və demək istəyir ki, göy gül ona görə gözəl və ətirlidir ki, öz qidasını günəşdən alır.