Выбрать главу

BƏHRAMIN PƏNCŞƏNBƏ GÜNÜ SƏNDƏL RƏNGLİ GÜNBƏDƏ GETMƏSİ VƏ

ALTINCI İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

Pəncşənbə – günlərdə yaxşı bir gündür, Xoşbəxt Müştəritək bəxti üstündür. Nafə göbəyini sübh açdı parlaq, Udu səndəl kimi yandırdı torpaq.[255] Səndəl tozu kimi, hər şeydən əvvəl Şah öz paltarını boyadı səndəl. Göy eyvandan çıxdı bir baş yönəldi Səndəl rəngindəki günbədə gəldi. Olunca saqisi o çinli pəri, Çəkdi öz başına şirin kövsəri. Mey alıb içirdi bu şux gəlindən, Gecəyədək içib oldu xeyli şən. Sürməyi mühitin sədəfi gecə Sədəfin ağzına dürlər səpincə,[256] Şah o xumar gözlü Çin gözəlinə Söylədi: "Könlümdən tozu silsənə!" Açıldı gül kimi sevimli, dərhal Xurmanın içindən axıb süzdü bal. Dedi: – Ey dünyanın istinadgahı, Kainatın canı, şahların şahı. Ömrün uzun olsun şiş dağlar qədər, Göy dənizlər qədər, torpaqlar qədər. Olsun həyatına səadətin yar, Ondan sən hər zaman bəhrələr apar. Sən bu Yer üzünə işıq saçansan, Şahlıq bəxş eləyən, könül açansan. Yox deyil dünyada ömür nisgilim, Qorxuram, bağlıdır, zəifdir dilim. Reyhan qabağında, de, yararmı bu, Mən də güləm deyib saçım pis qoxu? Zəfəran istəyir şahım, neyləyim, Gərək arzusuna əməl eyləyim. Şahıma bir nağıl söyləyim mən də, Gülümsəsin ta ki, yeri gələndə. Başladı sözünü o Çin gəlini, İlkin tacidarın öpdü əlini.

XEYİR İLƏ ŞƏR HEKAYƏSİ

Çin qızı söylədi: – İki növcavan Başqa bir şəhərə oldular rəvan. Yeməyə azuqə götürüb hərə Qoyub heybəsinə, çıxdı səfərə. Gəncin biri Xeyir, birisi Şərdi, Onlar adlarıtək işlər görərdi. Bir-iki gün gedib, mənzil aşdılar, Yanlarında olan azuqə ki, var, Şər saxlayır, Xeyir yeyib-içirdi, O əkir, bu isə buğda biçirdi. Gedirdi yanaşı cavanlar belə, Birdən yetişdilər isti bir çölə. Bu çöl təndir kimi bir odlu yerdi, Dəmiri yumşaldıb mum eyləyirdi. Ölkəyə quraqlıq atmış əlini, Döndərmiş səmuma şimal yelini. Şər yaxşı bilirdi, yolu uzaqdır, Susuz xarabadır, xeyli quraqdır. Xəlvəti məşkinə su doldurub Şər,[257] Dürr kimi gizlədi, vermədən xəbər. Xeyir: – Yəqin, yolda su var – deyirdi, Hər tərəf susuzdu, o bilməyirdi. Beləcə bürküdə xeyli getdilər, Yorub özlərini həlak etdilər. Yeddi gün getdilər qızğın çöl boyu, Qurtardı zavallı Xeyirin suyu. Sudan yoldaşına vermədi xəbər, Bir kəlmə dinmədi, danışmadı Şər. Xeyir bədgövhərdən oldu xəbərdar, Gördü ki, məşkinin içində su var, Arabir xəlvəti öz yoldaşından, Reyhan şərabıtək suyun başından İçirdi
вернуться

255

Səhər öz ətir kisəsini açıb, uda bənzər gecəni yandırıb səndəl ətri saçmağa başladı.

Pəncşənbə, yəni cümə axşamı Müştəriyə mənsubdur, səndəl rəngi ona məxsusdur. Odur ki, səhər açılan kimi yer səndəl ətri saçmağa başlayır.

вернуться

256

Sürməyi-fəzanın sədəfi olan Ay öz ağzından göyə dürrə bənzər ulduzlar səpərkən, yəni Ay və ulduzlar qaranlıq fəzaya çıxanda şah Çin gözəlinə nağıl söyləməyi əmr etdi.

вернуться

257

Məşk – dağarcıq.