Выбрать главу
Şər, susuz yanıb da, ancaq, Xeyir dinməyirdi, tikmişdi dodaq. O susuz sulunun görüb işini, Sordu yol boyunca qəmdən dişini. Nəhayət ciyəri qurudu, yandı, Endi kirpikləri, gözu qapandı. Günorta çatanda pozuldu halı, Suzundan yanmazmı dağlar maralı? Yanında od rəngli cüt ləli vardı, Suyu daşda idi, sanma axardı,[258] Damırdı gizlicə onlardan su çox, Damırdı göz üçün, ağız üçun yox. Açdı sulu ləli göstərib Şərə, Qoydu qabağında əlbəəl yerə, Dedi ki: "Yanğıdan öldüm, kömək et, Söndür atəşimi, yandım, mərhəmət! Bir içim saf su ver, imdadıma çat. Ya mərdlik ucundan bağışla, ya sat. Bu qoşa gövhəri öz suyuna sal, Su ver, gövhərimin bir qeydinə qal". Tanrı qəzəbinə gəlmiş zalım Şər Gördü adı kimi yaramaz işlər. "Bu daşdan, – dedi ki: – Yonma gəl bulaq,[259] Mümkünmü dünyada məni tovlamaq? Viranədə gövhər verirsən mənə Ki, abad şəhərdə alasan yenə? Belə kələklərə uyarmı heç Şər? Mən ki, hiyləgərəm, divdən hiyləgər. Nə zaman axtarsam əgər mən çara, Gəlməz hiylələrin sənin, bil, kara. Yaxamdan əl götür, hiylədən əl çək, Yüz min işləmişəm mən belə kələk, Qoymaram başıma çəkəsən suyu, Abrımı tökəsən bir şəhər boyu. Mən necə gizlində alım gövhəri, Şəhərə çatınca alasan geri. İstəyirəm elə bir gövhər səndən, Ala bilməyəsən geriyə məndən". Xeyir dedi: "Nədir o söylə görək? İstədiyin dürrü tapıb da verək". Şər dedi: "O gövhər ikicə gözdür, Bu ondan, o bundan daha əzizdir. Gözünü satmasan, bunu yaxşı bil, Bu sudan içməyin heç mümkün deyil". Xeyir söylədi ki: "Qorxmayırsan sən, Od alıb yerinə boş su verirsən. Tutaq ki, bu çeşmən oldu güvara, Göz çıxarmaq səni yetirməz vara.[260] Qalarsam gözümə həsrət əgər mən, Nə xeyir rastıma gələn çeşmədən? Mümkün ikən qızıl almaq su üçün, Şirin su yerinə göz almaq neçün? Ləlim, nəyim varsa, al, eylə mədəd, Yerdə qalanına verərəm sənəd. And olsun o böyük pərvərdigara, Bundan şad olaram, gəlmərəm zara. Ancaq insaf eylə, gözümə dəymə, Bir soyuq su üçün dostluğu əymə". Şər cavab verdi ki: "Bu əfsanədir, Ürəyi yanançın bir bəhanədir". Xeyir bu rəftara qaldı xeyli mat, Su üçün göz suyu axıtdı, heyhat, Gördü ki, öləcək, əldən gedir can, Xilas olmayacaq can yanğısından. Qəlbini aldatdı soyuq su ilə, Sudan qaçmamışdır, bir susuz belə. Dedi: "Bıçaq gətir, xəncər gətir, gəl, Su ver içim, ömrə qıymadan əcəl. Odlanıb alışan, alovlanan bu Qızğın atəşimi söndür, səpib su". Zənn etdi bu əzab, bu qorxu keçər, O saat bir udum su alıb içər. Bu halı görüncə siyirib xəncər, Quş kimi şığıdı Xeyrin üstə Şər. Xəncəri çırağa çaldı, qanmadı, Çırağı söndürdü, qəlbi yanmadı. Nərgizi eylədi gül rəngində al, Cüt gövhər qopardı tacdan o dərhal. Ömrünü yazığın salıb zavala, Su dəxi verməyib düzəldi yola. Bütün şeylərini, ləlini soydu, Koru təkbaşına səhrada qoydu. Uzaqlaşıb getdi nə zaman ki, Şər, Xeyir öz halından tutmadı xəbər. Torpaqda çırpındı, qan basdı düzü, Yaxşı ki, görmürdü halını özü... Bir kürd vardı mallı, pullu, keyfi çağ, Qurdun bəlasından sürüsü uzaq, Onun qapısında çoxlu mal-qara, Kimsə çatmamışdı bu qədər vara. Səkkiz qohumunu o saxlayardı, Onlar yoxsul, bunun dövləti vardı. Köçəri bir kürddü, deyil oturaq, Hər zaman ölçərdi səhra, çəmən, dağ. Ot-ələf dalınca düşərək çölə, Sürü otarırdı hər zaman belə. Harda ki ot vardı, axar su vardı, İki həftə həmən yerdə qalardı. Otlağın otları yetincə sona, Sürünü çəkərdi başqa bir yana. Qəzadan, iki gün vardı o yerə Pəncə uzatmışdı, bənzəyib şirə. Onun türk baxışlı, xoş hindu xallı Bir qızı vardı ki, xeyli kamallı. Sərvi su içmişdi ciyərdən, qandan, Nazla bəslənmişdi nazənin canan. Saçının hörüyü ətəyindəndi, Boynunda çəkmişdi aya kəməndi.[261] Bənövşə qıvrımlı hər gözəl teli Qarğa qanadından qaraydı, bəlli. Qəmzəsi sehrdən badələr içmiş, Taleyi önündə qəza bir heçmiş. Babil tilsiminə bağlamışdı bel, Sehrinə bənd olmuş, vurulmuşdu el. Xalından olmuşdu gecələr qara, Ondan nur almışdı göydə aypara. O şəkər sındıran, püstə dodaqlı, Öpüşün yolunu etmişdi bağlı. Evdə bəslənilib çatmışdı boya; Balıqtək meyl etdi o gözəl suya. Yolun kənarında, bir çeşmə vardı, Soyuqdu, el suyu ordan alardı. Qız o şirin sudan gəlib doldurdu, Sonra evlərinə getməyə durdu. Birdən qulağına gəldi uzaqdan Yaralı xəstədən qopan ah-fəğan. Eşidib o yana qız tez yüyürdü, Gəlib qan içində bir gənci gördü. Bir yaralı çalır hey əl-ayaq, ah. Dilində yalvarış, bir də ki, Allah. Uçdu nazəninin başından huşu, Tez gedib dindirdi o vurulmuşu, Dedi: "Vay halına, söylə görüm sən, Qanlar içindəsən nə üçün, nədən? Ey cavan, bu zülmü sənə kim etdi, Halına yanmadı, buraxdı getdi?" O dedi: "Ey mələk, de görüm ki, sən Pərizadəmisən, ya mələkmisən? İşim çox qəribə oyundur, heyhat, Uzundur başıma gələn əhvalat, Susuz, bil, ürəyim oldu tar-mar, Gəl bu yanğılını cəhd eylə, qurtar. Su, yoxsa ölərəm, dayanma çıx get, Varsa ver, qoy içim, ömrü xilas et". O nicat açarı, saqi, baldodaq, Abi-həyat kimi sudan alaraq Verincə, xəstənin keçdi yanğısı, İçdi bacardıqca, içdi sərin su. Can gəldi o solmuş cana əlbəəl, Ürəkdən şad oldu çıraqban gözəl. Qoydu öz yerinə Xeyrin gözünü, Şükr edib söylədi Allah sözünü. Çıxmışdısa əgər kamanından ox, Gözün gilələri salamatdı çox. Bütün qüvvətini işlətdi o qız Ki, yerdən xəstəni qaldıra yalqız. Gözünü sarıyıb bağladı həmən, Yapışdı mərdanə tutdu əlindən, Çalışdı, qaldırdı, sonra da vardı Ona rəhbər olub, evə apardı. Gəldi atasının birbaş yerinə, Gətirdi gözsüzü binələrinə.
вернуться

258

Onun od rəngli iki ləli var idi, onlar saf sulu idilər, lakin su onların cövhərində idi. Odur ki, o suyu içmək mümkün deyildi. Sulu ləl – təmiz, saf ləl.

вернуться

259

Daşdan bulaq yonmaq – bihudə, havayı, mənasız işlə məşğul olmaq.

вернуться

260

Tutaq ki, sənin çeşmən – suyun içməlidir, dadlıdır, lakin göz çıxarmaqdan xeyir görməzsən.

вернуться

261

Kəməndə oxşar hörüklərini aya bənzər üzünün arxasına salmışdı.