Выбрать главу
Çıxınca önünə kəniz, qaravaş, Dedi: "Apar evə, bunu çox yavaş". Özü anasının yanına getdi, Gördüyü vəqəni tez bəyan etdi. Anası dedi ki: "Söylə gorüm sən Gəldin, gətirmədin bəs onu nədən? Edərdik bəlkə də yazığa çara, Bir az dincələrdi, o bəxtiqara". Qız dedi: "Gətirib gəlmişəm, ana, Nə kömək bacarsan, et o insana". Qaravaş xəstəni evə gətirdi, Yatağın yanına dərhal yetirdi. Tez yer düzəltdilər, süfrə sərdilər, Şorba içirdilər, kabab verdilər. Zülüm görmüş Xeyir ah çəkdi yavaş, Az yeyib, inlədi, dərdə qoydu baş. Kürd evə gələrək tez axşamüstü, Səfra sındırmağa cumdu əlüstü,[262] Nə gördü, adətdən xeyli kənar şey, Səfrası şiddətlə qaynayırdı hey. Gördü bir huşsuzun yamandır halı, Ölümcül uzanıb yatır yaralı. "Kimdir bu şəxs, – dedi gələrək dilə, – Nə üçün xəstədir, gücsüzdür belə?" Kimsə şərh etmədi dürüst halını, Başına gələni, bu zavallını. Ancaq deyə bildi bunu şux pəri: "Dəlinmiş almazla onun dürləri". Kürd gördü xəstə kor sayır özünü, Qəlbi parçalanıb, yumur gözünü, Dedi ki: "O yüksək ağacdan varın, Gedin, tez bir neçə yarpaq qoparın! Suyu çıxanadək əzin yarpağı, Sürtün yarasına, sözümün sağı, Bu əlac olunsa, xəstənin yenə Fər gələr, nur gələr kor gözlərinə. Yaman olursa da əgər göz dağı, Şəfadır dediyim ağac yarpağı". Ağacın yerini verərək nişan: "Bizim o çeşməylə, – dedi, – yanbayan Bir qoca ağac var, ətirlər səpər, İnsanın beynini edər tazə-tər. Gövdəsindən çıxır onun iki şax, Onlar fərq olunur aralanaraq. Bir şaxın yarpağı huri ipəyi, Odur kor gözlərin nuru, köməyi. O birinin yaşıl yarpağı ki, var Ondan da sərilər şəfa taparlar". Elə ki, kürd qızı bunu eşitdi, Deyilən əlacın fikrini etdi. Dil açdı, başladı yalvar-yaxara, Eyləsin atası xəstəyə çara. Kürd eşidincə bu yalvarışları, Durub tez yönəldi ağaca sarı. Tez yarpaq qopardı həmin ağacdan, O yarpaq verirdi cansızlara can. Gətirdi, kürd qızı yarpağı aldı, O qədər döydü ki, pucalı qaldı. Süzdü qalmayınca xıltın nişanı, Xəstənin gözünə tökdü dərmanı. Bağladı dərmanla Xeyrin gözünü, Bir saat bilmədi xəstə özünü, Sonra xilaskara bir nəzər saldı, Balışa baş qoydu, uzanıb qaldı. Beş gün o xəstəyə vurulmadı əl, Dərman gözlərində qaldı mükəmməl. Axırda qurtardı yazığın canı, Gözündən açdılar dava-dərmanı. Gəldi gözlərinin fəri yerinə Oldu əvvəlki tək o, gözlü yenə. Saldı ətrafına Xeyir xoş nəzər Qoşa nərgiz belə açılar səhər. Uğurlu iş gördü, şükr etdi cavan, Dəyirman öküzü qurtardı tordan.[263] Getdi ev əhlindən kədər nə ki var, Örtüb üzlərini, könül açdılar. Ürəkdən xoşladı, sevdi yalqızı Kurdün gülcamallı mehriban qızı. Elə ki, nərgizlə o sərv oldu şad, Demək, gövhər oldu sandıqdan azad, Gördü gül üzünü gəncin o pəri, Ürəkdən bağlandı, xoşladı Xeyri. Duyaraq hissini, inayətini, Saldı Xeyir ona məhəbbətini. Qızın görmürdüsə üzünü əgər, Nazlı yerişinə salırdı nəzər. O çox dinləmişdi şirin gözəli, Dəymişdi əlinə mehriban əli. Bu vermişdi ona ürəkdən könül, Bağlanmışdı buna sidq ilə o gül. Xeyir qoca ilə hər səhər ertə Əl atardı işə, şirin zəhmətə, Dəvə otarardı, sürü güdərdi, Hər işi düşünüb, ölçüb edərdi. Qoyundan qovardı canavarları, Qoruyardı belə dövləti, varı. Kürd ki ömrü boyu gəzmiş otlağı, Gördü Xeyirdəki can yandırmağı. Dedi: "Ey əzizim, bu dövlət, bu var, Sənindir, ol ona sahib-ixtiyar". Xeyir məhrəm olub kürdgildə qaldı, Hər şeyə artaraq maraq çoxaldı. Sordular, kim sənin gözünə qıymış, Necə rəhmsizmiş, necə zalımmış. Şərin işlərini o gizlətmədi, Nə olub söylədi, uzaq getmədi. Dedi: "Suya əvəz vardı gövhərim, Susuz lap yanırdı mənim ciyərim. Ömrə bir nanəcib zərər yetirdi, Bu zülmü başıma o Şər yetirdi. Aldı gövhərləri, gözümü dəldi, Su da verməyərək, yola düzəldi". Kürd belə dastanı eşitdi, durdu, Rahibtək özünü torpağa vurdu. Sevindi: "Əssə də, – dedi, – sərt külək, Xələl görməyibdir bu gözəl çiçək". O mələk xislətin oldular agah, Şər nələr başına gətirmişdir, ah. Candan əziz tutdu onu bu külfət, Bəsləyib verdilər min nazü-nemət. Özü baxdı ona o qənddodaqlı, Durdu qulluğunda üzü yaşmaqlı. Su verib Xeyirə özü yanırdı, Eşqindən ürəyi, gözu yanırdı. Xeyir də bağlandı, yara verdi can, Könül əsirgəməz aşiq canandan. Dürrün xatirinə çölə getdi hey, Öküzə, dəvəyə xidmət etdi hey. Dedi öz-özünə: "O canan ki var, Mən kimi yoxsula olmaz nazlı yar. Onun kamalı var, xoş camalı var, Olacaq qisməti, kimin malı var. Onlardandır bu gün dolanacağım, Mümkünmü üstəlik qohum olmağım. Yaxşı olar belə qorxulu yerdən Zirəklik eyləyib köçüm gedim mən". Keçmişdi bu işdən bir həftə tamam, Xeyir evə döndü çöldən bir axşam. Çırpındı qəfəsdə olan quş kimi, Xəznə üstə kasıb oturmuş kimi. Təşnəydi, önündə dirilik suyu, Sanki hiss edirdi keçən yanquyu. O gecə ağrıdı qəlbinin başı, Yerdə gül bitirdi gözünün yaşı. Kürdə söylədi: "Ey qərib bəsləyən, Çəkdin kimsəsizin çox nazını sən. Göründü sayəndə bu cahan mənə, Verdin ürək mənə, təzə can mənə. Evində bəslənib izzət görmüşəm, Süfrəndən yemişəm, nemət görmüşəm. Damğanın yeridir alnımda dərin, Dediyimdən çoxdur sənin hörmətin. Bil, ətrin yaşayır şirin canımda, Süfrənin yağıdır, qaynar qanımda. Süfrənin önündə bir acizəm mən, Canımı verərəm əgər istəsən. Yetər ki, bu qədər qonağın oldum, Bəsdir əzab çəkdim, artıq yoruldum. Süfrəndən bu çörək yediyim qədər Sənə şükr eyləyə bilsəydim əgər, Haqqını verməyə yaradan tarı Mənə kömək əli verəydi barı. Ayrılıq gəlsə də çox ağır mənə, İcazə ver artıq, gedim, vətənə.
вернуться

262

Kürd səhradan qayıdıb səfrasını öldürmək üçün (qarnının qurdunu öldürmək üçün) yemək istədi, lakin evdə qeyri-adi bir şey gördü ki, səfrası daha da cuşə gəldi.

вернуться

263

Dəyirman daşını fırladan öküzün gözlərini bağlayırlar ki, bir yerdə fırlandığını görməsin. Burada Xeyirin göz sarğısı dəyirman öküzünün göz örtüyünə bənzədilmişdir.