Выбрать главу
Çoxdandır vətəndən duşmüşəm uzaq, Elimdən, köçümdən irağam, iraq. İstəyirəm səhər olduqca erkən Düzəlim yoluma evə doğru mən. Getsəm də əməyin itməyəcəkdir, Qapından hümmətim getməyəcəkdir. Sən nur çeşməsisən, işığın əyan, Arzum budur məni unutmayasan. Yetir köməyinlə pərü bal mənə, Verdiyin çörəyi et halal mənə". Xeyir öz sözünü qurtardı, durdu, Sanki var-yoxuna kürdün od vurdu. Tökdü göz yaşını kürd neysan kimi, Qopdu hay-küy həzin bir fəğan kimi. Beyinlər qurudu, gözlər ağladı, Qızın ağzındakı sözlər ağladı. Ağlayıb, ağlayıb durdular guya, Axar su çevrildi donan bir suya, Aqil kürd qaldırdı sonra başını, Evi xəlvət edib çatdı qaşını, Xeyrə söylədi ki: "Sən, ey mehriban, Ağıllı, cürətli, mötəbər oğlan, Tutaq ki, getmisən doğma şəhərə, Tikan batıracaq sənə, bil, hərə. Nemət buradadır, naz bu məkanda, Nə var, əlindədir – yaxşı, yaman da. Yaxşılar cilovu verməzlər pisə, Satmazlar dostları yada, nakəsə. Bollu dövlətim var, ağım, qaram var, Bir də ki, çox əziz ciyərparam var. Zəhmət sevəndir o mehriban çiçək, Çirkinlikdir ona yaxşı deməmək. Müşk əgər olarsa nafədə nihan, Onun xoş ətrini duyar bu cahan. Ürəyin xoşlasa o dilbəri, biz Canımızdan səni saxlarıq əziz. Belə bir qıza ki, yetişmiş azad, Öz əlimlə səni seçirəm damad. Dəvədən, qoyundan, maldan nəyim var, Verərəm, çoxalar, sərmayən artar. Mən də aranızda nazla, nemətlə, Əcəl gələnədək yaşaram belə". Kürddən görən zaman belə şəfqəti, Ona şükür etdi, qalxdı hörməti, Söhbətə şadlıq da qatdılar onlar, Nazla, sevinc ilə yatdılar onlar. Harun üzlü səhər bağlayanda bel, Zəng kimi səsləndi xoruz, durdu el;[264] Uğurlu talelə süzüb dörd yanı, Çıxdı öz taxtına məşriq soltanı. Kürd vida eylədi şirin yuxuya, Oyandı görməyə tədarük toya. Nikah ki, birliyin əsas şərtidir, Onunla nəsillər inkişaf edir. Verdi Xeyrə qızı, yaşayın, deyə Qoşdu Ütaridi parlaq Zöhrəyə. Həyat çeşməsini tapdı bir ölü, Günəş nurlandırdı o tutqun gülü. O baldodaq saqi, susamış Xeyrə Bir şərbət verdi ki, dəyər kövsərə. Ona çeşmə suyu verdisə əvvəl, İndi həyat suyu bəxş etdi gözəl. Yaşadılar belə sevincək, qoşa, Yoxdu həsrətləri bir şeydən, haşa! Əhdi gətirdikcə bu cütlər yada, Çox şad yeyirdilər vardan dünyada. Kürdün nə qədər ki, mayası vardı, Verdi bu bir cütə, verdi qurtardı; Bütün sürüləri, dövləti, varı Axdı Xeyrə tərəf, kürəkən sarı... Bir gün sulu yerdən, ağaclı yerdən, Başladı köç geniş səhraya birdən. Xeyir, can dərmanı, olduqca uca, O səndəl qoxulu yaşıl ağaca Yanaşıb, dərdikcə dərdi şaxlardan, İnsanın əlacı göy yarpaqlardan. Əlacdır sevdaya bir şax yarpağı, Digərindən tapır şəfa göz dağı. Yığdı bir çuvala basdı mala-mal, Dəvənin üstünə yükləndi çuval. Yarpağın sirrini saxladı pünhan, Yadından hamının çıxdı o dərman. Düşdü bir şəhərə onların rızı, Bu şəhrin şahının gözəl bir qızı Tutulmuş sevdaya, bəd bir azara, Nə qədər əlləşib etmişlər çara. Sağalmamış; yanıb "hayıf" demişlər. Bilikli həkimlər, məşhur təbiblər Gəlirdi soruşub həmən şəhəri Ki, div bəlasından o gözəl pəri Sağalsın, qalmasın zərrəcə dərdi. Padşah gələnlərlə bir şərt kəsərdi: "Sevdadan qızımı kim etsə azad, Mən də eyləyərəm onu xeyli şad. Olar kürəkənim. Hər kim çarəni Etməyib, görərsə o məhparəni, Qəzəb eyləyərəm, qılınc alaram, Bədəndən başını vurub salaram". Aciz qaldığından bu əlacda, ah, Nə qədər təbibi öldürtdürdü şah. Min qərib şəhərli olunca naşı, Padşah əmr eylədi, kəsildi başı. Bu şərt gündən-günə elə yayıldı; Hər kim pul görəndə hayıl-mayıldı, Eşidib bu sözü o, baş itirdi, Özü öz əliylə qanına girdi. Xeyir də eşidib həmin xəbəri: – Çarəmlə sağalar, – dedi, – şux pəri. Şaha yetirdi ki: "Ey səxa kanı, Yoldan götürərəm mən bu tikanı, Ondan xəstəliyi eylərəm uzaq, Sağaldaram qızı, şərtim var ancaq – Heç şeydə yox gözüm qoca dünyada, Mənim verəcəyim dərman, dava da Allah rizasına veriləcəkdir. Nə zaman ki, gücü görüləcəkdir, Məni məqsədimə çatdırsın Allah". Xeyrin bu sözündən xəbər tutdu şah, Dedi: "Söyləyin ki, gəlsin, öpsün əl". Xeyir təzim etdi gəlib əlbəəl. Şah dedi: "Ey yaxşı adam, söylə bir, Sənin adın nədir?" Dedi: "Xeyirdir! Səadət bəxş etmiş mənə ülkərim, Uyğundur adıma sözüm, işlərim". Şah onun adını bilib yaxşı fal, Dedi: "Çarə eylə, aman, qeydə qal, Bunun nəticəsi yaxşıdır", – dedi, "Adın bu əməlin naxşıdır", – dedi. Sonra bir məhrəmə tapşırdı, varsın Qızının yanına Xeyri aparsın. Xeyir gəldi gördü, gün kimi gözəl, Xəstəlik sərvinə yetirmiş xələl. Şirtək həyəcanlı, bərəlmiş gözü, Nə yatmış gecəni, nə də gündüzü. Səndəl yarpağı ki yanında vardı, Açıb düyünçədən dərhal çıxardı, Döyüb hazırladı buz kimi şərbət. Qıza xoş gələrdi bu dava, əlbət. Uzatdı xəstəyə, alıb nuş etdi, Silinib beyninin tozları getdi. Qız bu vəlvələdən nicata çatdı, Şərbət içən kimi yıxıldı yatdı. Xeyir gördü yatır o gözəl bahar, Duydu ki, silinib üzündən qubar. Çıxdı ayqabağın evindən çölə, Gəldi öz evinə şad, gülə-gülə. Yatdı pəriüzlü, üç gün yumdu göz, Şaha öz halından demədi bir söz. Durdu üçüncü gün o dilbər mələk, Yedi yavaş-yavaş yüngül bir yemək. Belə şad xəbərdən olunca agah, Qaçdı ayaqyalın saraya padşah. Gördü taxt üstündə ağıllı, huşlu, Oturmuşdur qızı şahin duruşlu. Yıxılıb önündə o mahcamalın: – Həmdəmin olacaq, – dedi, – kamalın. Fitnə uzaq olsun, qızım, yanından, Xəstəlik çıxdımı, söylə canından? Şahın hörmətini gözləyərək qız, Təşəkkür eylədi ataya yalnız. Hökmdar sevinib oldu xeyli şad,
вернуться

264

Harun – keşikçi. Qədimdə şahların keşikçiləri kəmərlərinə zınqrov (səlasil) bağlayarlarmış, keşikçilər gəzdikcə zınqırovlar səslənib keşikçilərin oyaq olduqlarını bildirərmiş. Xoruzun banı həmin zınqrovların səsinə bənzədilmişdir.