Выбрать главу
Qucuşmaq arzusu coşmuş canında, Gül qiyamət eylər sərvin yanında. Sinə bostanında bilmiş barı var, İstəmiş qoparıb yesin armud, nar; Gövhər xəznəsinə uzadaraq əl, Atsın o xəznəyə ayaq ilk əvvəl. Axıtsın nabata şəkər bilətsin, Söyüdlə lalədən al qan çilətsin. Qəfildən başlamış fitnə qovğaya, Butün arzuları çıxmışdır zaya. Pərvanə işıqdan qalmışdır iraq, Susuz düşmüş həyat suyundan uzaq. Sən, ey pərdələri gec vuran, dur, al, Çəngə düz pərdə vur, rəngi doğru çal. Mənə pərdə verdin olduqca əyri, Səninlə dönmərəm düzlükdən geri". Söylətdikcə qəzəl dərdli nigarı, Xəbər tutdu yenə can sirdaşları. Xacəni gəzdilər, yenə çapdılar, Gəlib bir tərəfdə yorğun tapdılar. Ürəyi dönmüşdü əsən yarpağa, Vermişdi yanını quru torpağa. Oxşayıb durdular sınıq ruhunu, Çəkib çıxardılar xarlıqdan onu. Ürəkdən acıyıb, tutdular əhval, Xacə ahlar çəkib etdi ərzi-hal. Ona çarə gəzdi iki ayqabaq, Yaman xəyallardan etdilər uzaq. Açıb ürəyini o bir cüt çiçək Vədələr verdilər, aldılar ürək. Dedilər: "Bu işdə möhkəm insan ol, Mehribandan daha çox mehriban ol. İş üçün elə bir yuva təmir et, Qoy uça bilməsin oraya afət. Uzaqdan baxarıq, gözləyərik biz, Olarıq işgüzar bir gözətçiniz". Deyib bu sözləri tez yönəldilər, Durub ayağına sərvin gəldilər; Elə ki xacəni tapdı o canan, Oldu ürək alan, əziz, mehriban. Gözəl deyilənə edincə əməl, Xacə xacəliyi atdı əlbəəl. Tutdu sərxoş kimi gül saçlarından Apardı, yer gəzdi bağçada pünhan. Bağın kənarında vardı bir bucaq, Bir xərmənlik yerdi, nurlu tağdı, tağ. Orada ağaclar bənzər hasara, Üstü meşəlikdi, altı mağara. Xacə gəzib, gəzib orada durdu, Bu xoş çəmənlikdə yerini qurdu. Kəsib yasəməni atdı kənara: – Gedək ora, – dedi nazlı dildara. Həya üz çevirib qaçdı, gizləndi, Açdı, necə deyim, o gizli bəndi. Çəkdi qucağına tər güləndamı, Şəkər arasında gördü badamı. Hələ sürmədana getmədən mili, Yeni oyun açdı fələyin əli. Mağara içində olan tülkülər Qismətin üstündə qopardılar şər. Haman tülküləri görüb canavar İstədi eyləsin onları kənar. Qorxdular tülkülər bu yalquzaqdan, Zağ-zağ titrədilər əsib uzaqdan. Baxaraq çöllərin bu heyvanına, Qaçdılar xacənin birbaş yanına. Qabaqda tülkülər, dalda canavar, Aşiqlər üstündən keçib qaçdılar. Bir ordu salmışdı sanki çataçat, Pozuldu xacənin qurduğu büsat. Nə vardı, bilmədi, xəyalı çaşdı, Toz-torpaq içində yüyürdü, qaçdı. Əridi, qan oldu bağrının yağı, Çalışdı tərk edə qorxulu bağı. Şümşadlar ki, vermiş nərgiz, nar ona Gördülər xacəni qaçır bir yana. Gedib dilbərini tapdılar yalqız, Cüt nəhəng içində dürr oldu o qız. Səsləndilər: "Nə var, nə olub, anlat! Bu nə şeytanlıqdır, bu nə xəyalat? Niyə puç edirsən bu çavanlığı, Niyə öldürürsən mehribanlığı? Mehriban olduğun bu qəriblə sən, Belə bir oyunu kim oynar, desən? Neçə yol bu gecə tərk etdin onu, Fitnə-fellər qurub, əzdin ruhunu". Gözəl yalvararaq içdi and-aman, Lakin inanmadı o qoşa canan. Xacə gəlib çatdı bu zaman dada, Qızlar sanki qayçı, şam da ortada. Danlaqdan çəkinib utanıb, durur, Qızlar da hey ona sərzəniş vurur. Dedi: – Siz əl çəkin bu qızdan, barı, Bir də incitməyin incimiş yarı. Pis bir iş tutmamış əsla o gözəl, Gərəkdir başqa yol, başqa bir əməl. Əgər xəyanətdə varsa bir xətər, Sizi döymək lazım, sizsiniz rəhbər. Məsumdur nə qədər onun gövhəri, Təqsirkar sayınız ancaq bu yeri. Dünya zirəklərin karvan yoludur, Düzlər təmizlərin sadiq quludur. Pislikdən qurtardı yaradan bizi, Qoymadı bizlərdə bir xəta izi. O əngəllər bizdə qoymadısa can, Afəti afətlə yudu Yaradan. Bəxtimiz olalı pasibanımız, Pis işdən qurtardı şirin canımız. Aldada bilməsə hər kimi şeytan, İnan ki, baş verməz pis əməl ondan. Hər kim istəsə ki, işləsin haram, Haramzada olar yalnız o adam. Bu pəri camallı, şux güləndamı Mehriban sayacaq hər zaman hamı. Mərdliyi sevdirər belə cavanı, Belə sadə xislət bir mehribanı. Yolun üzərində olanda ismət Günahın üstünə qonmaz hərəkət. Dəysə bir ağaca əgər bədnəzər, Onun meyvəsini dərib yeməzlər. Yüz heyvan göz dikib gözlərimizə, Odur ki, üz vermir yaxşılıq bizə. Artıq unudulsun olub-keçənlər, Bizlər varımızdan çəkmərik zərər. Etdim gizli-aşkar tövbə mən, hərgah Qəbul etsə mənim tövbəmi Allah. Əcəl aman versə sözüm budur, bax, Razılıq verərsə bu şəkərdodaq, Eyləyərək onu özümə övrət, Çəkərəm nazını, edərəm xidmət". Qızlar gördülər ki, o nəcib insan Allah bəndəsidir, qorxur Tanrıdan. Önündə səcdəyə düşdülər yerə, Afərin belə pak əqidələrə Ki, onda yaxşılıq, saflıq toxmu var, Qorusun qoy onu tək pərvərdigar. İnsana üz verər əziyyət, cəfa, Olar nəticəsi rahatlıq, səfa. Bəzən üz verəndə mərəz insana, Bu mərəz çevrilir yaxşı dərmana. Gözəllər naz ilə döndülər geri, Çoxaldı fələkə təəccübləri. Qalxdı nur çeşməsi dağlar başından, Qovdu bədnəzəri üfüqdən yaman. Səhər üstürlabın ənkəbututək Yerin sütununa tor qurdu, gerçək. Bürüdü çıraqlı bir yel hər yanı, Apardı şəhərə bağdan bağbanı. Xacə, padşahlığa bayraq vurdu, şad, Köləlikdən etdi özünü azad. Dünən eşqə düşüb gəzdi, dolandı, Bu gün qazan kimi qaynadı, yandı. Dönərək şəhərə o əhli-vəfa Dedi: istəyimdən görüm bir səfa. Aldı beşiyinə gözəl hilalı, Kəbinlə eylədi öz halal malı. Bütöv ləli dəldi mərcanla, daddı, Quşlar ayılanda balıq da yatdı. Balıqdan quşadək canlılar, hər kəs Yaşayır, göstərir buna meyl, həvəs. Yetirdi saf suya onu cah-cəlal, İçdi o şeydən ki, sayılır halal,[282] Səmən saflığında, gümüş qədər ağ, Günəş kimi təmiz, gün kimi parlaq, Gündüzün işığı ağlığındadır, Ayın yaraşığı ağlığındadır. Rənglər çox sünidir, dünyada bir ağ Bilməyir sünilik, bilməyir boyaq. Nə zaman eyləsən haqqa ibadət, Ağ libas geyməkdir yaxşı əlamət. Qurtardı sözünü yasəmən, nagah Çəkib qucağına onu, aldı şah. Haman bu qaydayla gəlincə axşam, Qurdu günbədlərdə əyləncə Bəhram. O günbəd quran göy bir hünər saçdı, Şah üçün yeddicə darvaza açdı.
вернуться

282

Xacə zülal suya bənzər pak, şəffaf nişanlı tapdı, kəbinini kəsdirib özünə halal arvad edəndən sonra onu halal su kimi içdi.