Выбрать главу

BƏHRAMIN VƏZİRDƏN HESAB İSTƏMƏSİ

Sabah Yer üzünə işıq səpincə Yığdı öz fərşini qaranlıq gecə. Səhər cüt qılıncla bir zərbə vurdu, Qalxıb öz qanıyla ayı doyurdu. Yüksəltdi fələyə Bəhram sarayı, Əmr etdi: gəlsin el, saldı harayı. Coşdu axın kimi, gəldi hər tərəf, Hamı öz yerində oturdu səf-səf. Rastü-Rövşən dəxi hərəkət etdi, Yuxarı başdakı yerinə getdi. Qəzəblə çığırdı Bəhram vəzirə, Qorxudan az qaldı o girsin yerə: – El xaraba olub, səbəbi sənsən! Yurd bəzəksiz qalıb, viran edənsən, Qoydun quru yerdə, talayıb məni, Gövhərlə doldurdun öz xəzinəni. Qoşunun rizqini aldın əlindən,[297] Ordu tələf oldu bu əməlindən. Soydun rəiyyəti, talan var kimi, Susadın canına canavar kimi. Eldən almalıykən vergi, ya xərac, Gah kəmər almısan, gah almısan tac. Unutdun haqqını gözəl nemətin, Məndən utanmadın, yoxmuş qeyrətin. İman bəslər buna, hamı hər zaman, Nemət küfrü pisdir dinsiz olmaqdan.[298] Neməti tanımaq hörmət artırar, Kim onu gözləsə, nemət artırar. Nə rast, nə rövşənsən, aydınlıq itdi, Getdi işıqlıq da, düzlük də getdi. Səndən qoşun, xəznə əziyyət almış, Nə ordu, nə xəznə yerində qalmış. Elə sanırsan ki, şərab zamanı Könül qafilanə atar dunyanı. Əlini kəsərsən bizimkilərin, Quyu qazıyarsan dərindən-dərin. Torpaq olsun yeri qaldıranda cam Unutsa bir dəfə qılıncı Bəhram. İçəndə özümü unutsam da, bil, Anla ki, fələkdən olmadım qafil". Sözü çənbər edib, şah bir-bir aldı, Vəzirin boynuna götürdü saldı. Sonra bir cəllada dedi: "Onu al, Cənnətdən sürüyüb cəhənnəmə sal!" Əmmamədən ona qayırıb kəmənd, Aparıb zindanda eylədilər bənd. Ayağı kündəli, zəncirli əli, Belə bir vəziri belə görməli. Bu şiddətli hökmü verib tacidar, Əmr etdi: "Ucadan şəhrə çəkin car. Məzlumlar olunsun bu cardan agah, Alsın qisasını qoy onların şah". Eşitdi camaat, eşitdi ordu, Gəlib Bəhram şahın önündə durdu. Açıldı vəzirin yaman işləri, İlanla deşdilər köhnə əjdəri. Xəbərdar etdirdi şah dustaqları, Məhbəslərdə yatan qəlbi dağları. Hamı təqsirini desin, hər nə var, Bəndini açmağa göstərsin açar. Dustaqdan qurtaran cumdu, yönəldi, Şahın hüzuruna axışdı, gəldi. Şah yeddi nəfəri ayırdı dərhal, Etdi dərdlərini onlardan suaclass="underline" "Bir söylə, nə üçün ömrün dardadır? Haralısan, evin, yurdun hardadır?"

BİRİNCİ MƏZLUMUN ŞİKAYƏTİ

Söylədi Bəhrama birinci adam: "Sənin düşmənindən düşmən alsın kam. Tökdü Rastü-Rövşən gözdən yaşımı, Əzabla öldürdü can qardaşımı. Mal-qara az, ya çox, nəyi ki, vardı Üstə izzəti də alıb apardı. Gözəldi qardaşım, xeyli cavandı, Hər kim eşitdisə halıma yandı. Mən şivən qoparıb, saldım qalmaqal, Saldırdı zindana o məni dərhal. – Düşmənə var – dedi – yaman rəğbəti, Gətirdi başıma bu müsibəti. Kinli bir qurluya verdi işarət,[299] Etdilər evimi talan və qarət. Bağlatdırdı məni, göstərib də zor, Sarayı gözümdə dönüb oldu gor. Getdi min zülm ilə, öldü o qardaş, Bu qardaş ölümcül axıtdı qan-yaş. Onun dustağıyam bir ildir, düzü. Mənimçin mübarək faldır şah üzü". O məzlum dərdini söylədikcə, şah Oldu vəzirinin zülmündən agah. Vəzir qarətini qan bahasilə Qaytarıb tapşırdı o məzlum ələ. Dedi: "Get işinə, azadsan, azad!" Elədi məzlumu beləliklə şad.
вернуться

297

Rizq – ruzi, gündəlik yemək, yaşayış vəsaiti.

вернуться

298

Yəni sənə yaxşılıq edib, çörək verən bir adama qarşı naşükür olmaq kafirlikdən, dinsizlikdən pisdir.

вернуться

299

Qur – Müasir Əfqanıstanın dağlıq ərazisində yerləşmiş vilayətlərdən birinin qədim adı. Qurlular uzunboy, qüvvətli və mübariz olduqları üçün qədim şahların şəxsi mühafizəsində xidmət edirdilər.