Выбрать главу

ALTINCI MƏZLUMUN ŞİKAYƏTİ

Altıncı məzluma növbət ki, çatdı, Öz xumar bəxtini o da oyatdı. Şaha dua etdi əvvəlcə, əlbət, Dedi: "Ey əxlaqı ölkəyə nemət, Əslim kürd, özüm də mərd bir əsgərəm, Nəslimin mirası, xalis gövhərəm. Qoşun əfradına mənsubam mən də,[301] Atam da padşaha bəndəydi, bəndə. İxlasla şahıma qulluq edirdim, Atamın getdiyi yolla gedirdim. Şahın duşməninə qılınc çəkərəm, Hazıram canımdan keçməyə hər dəm. Şah öz nemətindən azacıq çörək Vermişdi, biz də bir güzəran görək. Asudə neməti mən də yeyirdim, – Bəndəyəm hər zaman şaha, – deyirdim. Aldı mənsəbimi vəzir kələkbaz, Zülmün, yamanlığın axırı olmaz. Vardı əkin yerim, əhli-əyalım, Yoxdu bundan özgə dövlətim, malım. Neçə yol yanına vardım onun mən, Yalvardım, yaxardım tutsun əlimdən. Bəlkə də ədalət yoluyla getsin, Yazıq ailəmə bir insaf etsin. Təqaüd kəsdirsin mənə o insan, Ruzimi yetirsin ali divandan. Üstümə səsləndi, dedi: – Sakit ol! Gedib xədənginlə öz ruzini yol.[302] Yoxdur meyli şahın, bunu düş başa Ki, dava törətsin, girsin savaşa. Qorxuda deyildir başının tacı, Davaya, qoşuna yox ehtiyacı. Tənbəllik eyləmə, peşə tap, peşə, Palçıqçılıq eylə, giriş bir işə. Yeməyin yoxsa da, qapında var at, Onu, yəhərini, silahını sat! Dedim: – Bu xislətdən, bu rəydən əl çək, Tanrıdan qorxaraq, gəl, eylə kömək. Həsrət qoyma məni pula, paltara, Mən dara düşmüşü gəl salma dara. Sən uzatdın nazla əl-ayağını Mən qılınc götürüb qovdum yağını. Sən məmləkət üçün vurursan qələm, Mən qılınc götürüb, atıram qədəm. Qələm batırırsan sən qara qana, Mən hücum edirəm qanlı düşmana. Şahın verdiyini alma əlimdən, Pənah apararam, yoxsa, ona mən. Qızıb bu sözlərdən göstərdi inad, O mən qələmsizə çəkdi bir dəvat.[303] Dedi ki: – Ey qanmaz, bunu yaxşı qan, Xam kərpic deyiləm ki, qorxum sudan. Gah dilə tutursan işlədib hiylə, Gah da qorxudursan məni şah ilə. Verdim taxtü-tacı mən tacidara, Mən olmasam, olmaz nə ağ, nə qara. Saymaram olsa min şah sərəncamı, Yaşar mənim üçün padşahlar hamı, Yola getməsəydi mənimlə hərgah, Qurd-quşa olardı qismət, bil ki, şah. Söyləyib dəvatı başıma çaldı, Atı, silahımı əlimdən aldı. Zülm edib əlini batırdı qana, O gün mən yazığı saldı zindana. Dustağam indi mən düz altı ildir, Ürəyim qəmlidir, bəxtim zəlildir". Şah oxşayıb onu, tutdu qaş-daşa, Ey bəndə bəsləyən hökmüdar, yaşa! Şahın ki, lütf ilə güldü dodağı, İki dəfə artdı kürdün torpağı.

YEDDİNCİ MƏZLUMUN ŞİKAYƏTİ

Yeddinci məzlumun növbəti yetdi, Ürəkdən o şaha dualar etdi. Dedi: "Mən dünyadan götürmüşdüm əl, Allaha bağlayar zahidlər əməl. Gözütox yoxsulam, yandım şam kimi, El üçün çalışan bir adam kimi. Aqibətdən xəbər tutaraq əvvəl, Üzdüm bu dünyanın işlərindən əl. Demə ki, yemişəm, demə yatmışam, Bol namaz qılmışam, oruc tutmuşam. Gündüz yoxdu yeyim çörəyim, suyum, Gecə yoxdu yerim yatım, yuxlayım. Allaha eylədim hər an ibadət, Ancaq ibadətə eylədim adət. Hamıya bir riza gəzdim dünyada, Duayla hər kəsi gətirdim yada. Vəzir məndən ötrü yollayıb soraq, Çağırdı, gedincə oturdub uzaq, Dedi ki: – Haqqında pis gümanım var, Yeri vardır sənə versəm əzablar. Dedim ki: – Ey ağa, gümanın nədir? Yaşaram arzunca, imanın nədir? Dedi: – Bəd duandan qorxuram ancaq, Diləyirəm sənə ölüm versin haqq. Mənimlə çoxdandır sənin iddian, Ucalır haqqımda gecə bəd duan. Bəd dua oxu ki, atırsan müdam, Dəyər bu hədəfə bir gün qorxuram. Nifrinin canımı hədəf etməmiş, Qarğışların hələ cana yetməmiş, Əlini, boynunu tutub bağlaram, Mən də bu şəkildə səni dağlaram. Qorxmayıb, ömrümü o saldı bəndə, Zərrəcə yanmadı mən dərdiməndə. Dustağam əlində düz yeddi ildir, Ayaqlarım torda, bəxtim zəlildir. Mənim əllərimi saldısa bəndə, Fələklərdən kömək istədim mən də. Duadan ayırdı əlimi əgər, Sanma bir də əli nemətə dəyər. O saldı qalaya, mənə gəldi fən, Dağıtdım evini qarğışımla mən. Yetirdim əlimi mən də padşaha, Qalmadı bir əngəl, şad olum daha". Qalxıb qucaqladı Bəhram zahidi, O kafir öldürən şir mücahidi. "Duadan qorxuram – sözündən qeyri, – Dedi – hər nə demiş, hamısı əyri. "Duan yerdə qalar" deyənlər hanı? Quldur hökmü deyil, zahid fərmanı. Vəzir ki, görməyib öz yerində iş, Deməli, özünə qarğış eyləmiş. Gəldi bəd duanın nəhayət sonu, Başını kəsdirib məhv edər onu. Vəzirin nəyi var: qaş-daş, mülkü mal, Götür, zahid baba, sənin olsun, al!" Verilən şeylərdən üz döndərərək, Zahid dövrə vurdu misali-fələk. Sonra: – Bu nəqdlərdən azadam, – dedi, O yaxşı vermişdi, yaxşı istədi. Çalğısız başladı birdən o rəqsə, Getdi, görünmədi artıq heç kəsə. Onlar bu qaydayla qədəm atdılar, Yerdən asimana baş ucaltdılar. İnsan adlansa da yerdə qalan, bil, Cümləsi divlərdir, başqa şey deyil. Qədəhdə püxtə kim tapmaq istəyər, Min-min xam qoraya salmalı nəzər. Püxtə o kəslərə layiqdir demək Ki, qoruyar xamdan həm cib, həm ətək.
вернуться

301

Qoşun əfradı – qoşunu təşkil edən əsgərlər.

вернуться

302

Xədəng – qovaq ağacından düzəldilmiş ox.

Beytin mənası: Vəzir kürd əsgərinin üstünə qışqırıb deyir: "Sənin yay-oxun dövlətə lazım deyil, çünki şah heç kimlə müharibə etmir və etmək fikrində deyil, odur ki, sən get öz yay-oxunla ovçuluq et və özünü dolandır".

вернуться

303

Yəni: "Mürəkkəbi qabı ilə bir yerdə mən qələm tuta bilməyən savadsızın üstünə atdı ki, başımı yarsın".