Выбрать главу

Müasir azəri dilində işlənilən yer adlarını nəzərdən keçirdikdə belə bir nəticəyə gəlmək olur ki, bu adlar əksərən aşağıdakı əsaslarda düzəldilmişdir.

1. Coğrafi-təsviri əsasda: 'Qaradağlı', 'Uzunoba', 'Ağdərə', 'Çuxuryurd', 'Üçtəpə'...

2. Tayfa, xalq adı əsasında: 'Xaldan', 'Qıpcaq', 'Bayat', 'Cığatay'...

3. Şəxs və nəsl adı əsasında; 'Məlikkənd', 'Soltanlı', 'Qarqullar'...

4. Məhsula, təsərrüfata görə: 'Dəvəçi', 'Dəmirçi', 'Çaxırlı', 'Zəylik'...

5. Məkanla əlaqədar əlamətdar bir hadisə və xüsusiyyətə görə: 'Lökbatan', 'Ağköynək', 'Qızılağac', 'Qılıclı', 'Sarıbaş'...

Əlbəttə, daha başqa əsaslarda düzəldilmiş yer adları da vardır, lakin biz burada ən çox istifadə olunan üsulları — əsasları qeyd etməklə kifayətlənirik.

Beləliklə aydın olur ki, dilimizdə işlənilən yer və tayfa adlarının törənişi, məna xüsusiyyətləri, quruluşu kimi maraqlı məsələlər ciddi axtarış tələb edən tədqiqat mövzularıdır.

Biz burada hələlik ancaq bir neçə yer adından bəhs edəcəyik.

Azərbaycan

Tarixi sənədlərdən belə məlum olur ki, 'Azərbaycan' (Aturpatkan) sözü hələ eramızdan əvvəl dördüncü əsrdə bir ölkə adı kimi işlənilmişdir. Hətta bu adı Herodot 'Atrapaten' şəklində qeyd etmişdir. Buna görə də bu sözü sonralar yaranmış bir söz kimi tanıyanlar, əlbəttə, səhv edirlər.

Lakin bu sözün əslinə oxşamayacaq dərəcədə dəyişməsi və bu gün işlətdiyimiz 'Azərbaycan' şəklinə düşməsi, müxtəlif dillərdə, müxtəlif şəkildə yazılması, bu sözün mənşəyi haqqında da müxtəlif fikirlərin doğmasına imkan vermişdir.

'Azərbaycan' sözü indiyə qədər müxtəlif tarixi mənbə və sənədlərdə, başlıca olaraq, aşağıdakı şəkillərdə — sövti tərkibdə yazılmışdır:

Yunan mənbələrində — Atropatene;

Qədim erməni mənbələrində — Atırpatakan;

Qədim gürcü mənbələrində — Adrabadaqani;

Qədim fars mənbələrində — Adzarbadagan;

Qədim ərəb və yeni fars mənbələrində — Adzərbaygan, Adzərbaycan;

Yeni erməni dilində — Atırbaykan.

Bunlardan fərqli olaraq XI əsrin məşhur türk dilçisi Məhmud Kaşğari "Kitabi Divanü lüğat-ət-türk" adlı əsərinin ? cildində verdiyi xəritədə bu yerin adını آذرآبادكان (Adzerabadkan) şəklində yazmışdır.

'Azərbaycan' sözünü 'Atropaten' şəklində yazanlar bu sözün 'Atrap' adlı valinin adı ilə əlaqədar olaraq bu addan əmələ gəldiyini zənn edirlər[2]. Bu fikir uzun zaman xüsusən Avropa tarixçiləri tərəfindən qəbul olunmuş və yayılmışdır.

Şərq, xüsusən fars və ərəb mənbələrində isə 'Azərbaycan' sözü tamamilə başqa cür izah olunmuşdur. Bu mənbələrin, demək olar ki, hamısında bu adın "od", "atəş" mənasına olan 'adzər' (آذر) sözü ilə əlaqədar olduğu göstərilir. Lakin burada da, xüsusən sözün ikinci hissəsini izah edərkən, bir sıra fərqli rəylər söylənilmişdir. Məsələn, məşhur ərəb coğrafiyaşünası Yaqut özünün "Coğrafi lüğət" adlı əsərində bu haqda belə izahat verir: «'Adzər' pəhləvicə "od" adıdır və 'baykan' — "mühafizə edici", "saxlayıcı" mənasındadır: ümumi mənası "od evi" ya "od xəzinəsi"dir»[3].

Bu fikri Eldad ha Daninin əsərinə müqəddimə yazan N. Y. Qarkavi daha da genişləndirərək belə deyir: «Eldadın bu sözləri Şimali İrana çox müvafiq gəlir, belə ki, orada atəşpərəstlər var: məlumdur ki, Azərbaycan vilayəti 'Adzərbeykan' (آذربيكان) yaxud 'Adzərbadkan' (آذربادكان) adından göründüyü kimi, ta qədimdən atəşpərəstliyin məskəni, çox ehtimal ki, mənbəyi olmuşdur»[4].

M. Kaşğari öz əsərində 'Azərbaycan' sözünün haradan törədiyini ayrıca olaraq izah etməmiş, lakin xəritədə bu sözü آذرآبادكان şəklində yazmasından bu sözün 'adzər' (آذر) və 'abadkan' (آبادكان) hissələrindən ibarət olduğunu düşündüyü anlaşılır ki, bu da "atəş abadanlığı", "od yurdu" mənasına yaxın bir mənanı ifadə edir.

Azəri tarixçisi Bakıxanov Abasqulu ağa Qüdsi məşhur tarixi əsəri "Gülüstani-İrəm"-də bir çox sözlərin mənşəyindən bəhs etdiyi kimi, 'Azərbaycan' sözünü də izah etməyə çalışmışdır.

Əslən Bakıxanov da sözün birinci hissəsinin "od", "atəş" mənasına olduğunu qəbul etmiş. Lakin bu sözün ikinci hissəsini, özündən əvvəlkilərdən fərqli olaraq, məşhur Azəri sərkərdəsi Babəkin adı ilə əlaqələndirərək belə demişdir:

«Görünür ki, 'Azərbaycan' adı 'Azər-Babəkan' sözlərindən yaranmış ki, bunu ərəblər 'Azərbaycan' tələffüz edirlər; mənası isə "Babəkin odu" deməkdir. Məlumdur ki, atəşpərəstlik indi 'Azərbaycan' adlanan ölkədə zühur etmişdir»[5].

"Atropaten nəzəriyyəsi" bu adın çox qədim olduğunu göstərdiyi kimi, Bakıxanovun bu mülahizəsi də 'Azərbaycan' sözünün son zamanlara aid olduğunu bildirir. Fikrimizcə Bakıxanov da burada səhv edir, çünki Babək ilə müasir olan Yaqutun "Coğrafi lüğət" adlı əsərində və ya X əsrdə yazılmış olan "Hüdüd-al-aləm"[6] adlı coğrafiya kitabında, eləcə də IX-X əsrlərdə yazılmış daha bir sıra ərəb, fars, gürcü və erməni mənbələrində bu söz 'Adzərbayqan', 'Adzərbadqan', 'Atorpataqan', 'Adarbadaqani'[7] şəklində yazılmışdır. Halbuki, əgər doğrudan da bu sözün mənşəyi 'Babək' adı ilə əlaqədar olsa idi, birinci növbədə, IX—X əsrlərin tarix və coğrafiya yazanları bu sözü Bakıxanovun düşündüyü kimi آذربابكان ('Adzər-Babəkan') şəklində yazar və belə də təfsir edərdilər. Bunlardan başqa, bu ada Babəkdən çox əvvəl yazılmış olan erməni, gürcü və sair xalqların mənbələrində təsadüf edildiyini də yaddan çıxarmamalıdırlar.

Son zamanlarda akad. N. Y. Marrın yafəsi ― dilçilik nəzəriyyəsini təhrif edərək, bir sıra uydurma mülahizələr yürüdən Fin-Uqor dilçilərindən A. R. Zifeldt 'Azərbaycan' sözünün mənşəyini Ural-Altay dillərində "kişi", "adam", "tayfa", "xalq" mənalarına işlənən 'ad | at' və 'ar | ər' sözləri ilə əlaqələndirmək təşəbbüsü göstərmişdir. O, özünün "Uralo-Altaica" (Bakı, 1928, səh. 125) adlı əsərində Ural-Altay dillərindən bir çox nümunələr göstərdikdən sonra belə bir nəticə çıxarır: «'Azərbaycan' sözünə, daha doğrusu onun birinci yarısı olan 'Ad + er || at(e)r' hissəsinə nəzər salaraq, biz onu vaxtilə iki müxtəlif qəbiləvi söz kökündən düzəldilmiş "kişilər xalqı", yaxud "adamlar adamı", yaxud da sadəcə "adamlar-adamlar" şəklində qovuşmuş bir söz kimi təfsir edə bilərik».

Əlbəttə, bəzən bu və ya digər bir tayfa adının belə məzmunda törəyə bilməsi qeyi-adi hal deyil, lakin burada hər zaman müəyyən məntiq olur: əgər bir sıra tayfa adları belə törəmişsə, bu heç də hər tayfa adının belə formalaşmış olmasını sübut etməz və bu halı ümumiləşdirmək, hər sözə tətbiq etmək doğru olmaz. Yalnız zahirən oxşar olan sözləri bir-birilə tutuşdurmaqla məsələ bitmir: burada daxili oxşarlıq, məntiq və məzmun da olmalıdır.

'Azərbaycan' (yaxud 'Atrapataqan' | 'Atrapaten') şəklində təşəkkül etmiş və böyük bir ərazini, bu ərazidəki dövləti, sonralar isə bu ərazidəki əhalinin müəyyən əsas sakinlərini bildirən bir ad kimi işlənmiş sözün belə müxtəlif çalarlıqda və mürəkkəb quruluşda formalaşması, əlbəttə, sonrakı hadisədir.