Выбрать главу

'Azərbaycan' sözünün bu şəkildə təşəkkülü Midiya dövlətinin Haxamaniş sülaləsindən sonra yenidən bərpa edilməsi, Böyük və Kiçik adlanan Midiyaların əmələ gəlməsi dövrü ilə əlaqədardır. Məhz buna görə də bəzi tarixçilər bu adı həmin dövrdə Midiyada valilik edən Atrapın adı ilə əlaqələndirmişlər.

Fikrimizcə, bu ad, yəni 'Atrap' adı, əslində xüsusi bir ad deyildir və Midiya padşahlarının adları kimi, bu da ümumi təsviri bir ad, daha doğrusu rütbə bildirən bir sözdür, müəyyən ictimai məzmunlu bir ləqəbdir.

Fikrimizi aydınlaşdıraq:

Midiya, İran tarixlərindən bizə məlumdur ki, midiyalıların, xüsusən Haxamanişlər dövründə, azadlıq uğrunda apardıqları mübarizəyə mağlar rəhbərlik etmişlər. Mağ Geyumatanın (Qaumatın) üsyanı və hətta 9 aya qədər Haxamaniş tac-təxtində hökmranlıq etməsi bu mülahizəmizi təsdiqləyən dəlillərdəndir.

Bu da bizə məlumdur ki, mağlar əvvəllər ayrıca tayfa olmuşlar və 'mar' (yəni "ilan") totemli bu tayfa Midiya xalqını təşkil etmiş və məhz buna görə də bu xalq 'mağ' adı ilə 'mada' (← 'mağday') adlanmışdır ('Midiya' sözünə bax). Hətta yeni din ortaya çıxdığı zaman, mağlar yenə öz hakim mövqelərini mühafizə etmək üçün yeni dini qəbul edərək, bu dinin əsil varisləri kimi özlərini tanıtmağa müvəffəq olmuşlar. Bu zaman mağlar hakim qəbiləlikdən çıxaraq hakim təbəqə halına düşmüşlər. Buna görə də nəinki Haxamaniş, Parfiyan sülalələri dövründə, hətta Sasanilər dövründə də əhalinin birinci təbəqəsini təşkil edən ruhanilər məhz mağlardan olurdu. Ruhani təbəqəsi isə "Avesta"-da 'atarvan' yaxud 'atharvan' adlanırdı. Maraqlı budur ki, ruhanilər eyni zamanda "mu:bad" da adlanırdılar ki, bu da İran tarixçilərindən Həsən Pirniyanın qeyd etdiyi kimi, 'Muğubat → muğpat' ifadəsindən "muğlar başçısı" mənasını vermək üçün duzəldilmiş bir mürəkkəb sözdür[8].

'Atarvan' və 'mu:bad' sözlərində isə 'Azərbaycan' sözünün əsas ünsürləri olan 'a-tar-bad' sözlərinin izi görünməkdədir. Bu tərkibdəki 'atar' ünsürü akad. N. Y. Marrın göstərdiyi kimi, iki hissədən ibarətdir: 'a-tar'.

Birinci hissəni təşkil edən 'a' ünsürünü akad. N. Y. Marr ön şəkilçi (prefiks) sayır, lakin bir sıra dəlillərə əsaslanaraq demək olar ki, 'a' ünsürü "allah" və ya daha qədim dünyada "totem" mənasına işlənən sözün qalıq əlamətidir. Bu qədim söz isə 'an' olmuşdur.

(Ahuramazda). "Allah" mənasına olan 'an' sözündən 'a' ünsürünün törəndiyini xüsusən 'Ahuramazda' sözündə aydın surətdə müşahidə etmək mümkündür.

Məlum olduğu üzrə, Elam mixi yazılarında bu söz həmişə 'Anhuramazda' şəklində yazılmış ki, buradakı 'An' sözünün mixi rumuzu "allah" mənasına assur, xald mixi yazılarında da azacıq fərqlə işlənilmiş ümumi bir rumuzdur.

Bu rumuz, yəqin ki, mixi xəttin ixtiraçıları olan şumerlərin göy allahı 'An' yaxud 'Anu'-nu ifadə etmək üçün yaradılmış rumuzdur. Məhz buna görə də mixi yazıları tədqiq edən şərqşünaslardan M. R. E. Norris tamamilə haqlı olaraq Elam mixi yazılarında olan bu rumuzu qunnəli 'a' kimi oxumuşdur. Buna görə də Hürmüzdün adını 'Ahuramazda' deyil 'Anhuramazda' oxumaq daha doğru olur. Bu tərkibin, yəni 'Āhuramazda' ifadəsinin, mənası isə 'Ā ← An' ("göy allahı", 'hur' ("işıq", "günəş") + 'mazda' ("Midiya eli") sözlərinin birləşməsindən düzələn "Midiya elinin göy allahı işıq" deməkdir. Āhuramazdanın özü haqqında söylədiyi sözlər, yəni "yerlərə nur saçan və ən uzaqlardan görünən parlaq göylərin ən yüksək yerində günəşdən gözü olan... bir varlıq" halında təsvir edən sözləri də[9] 'Āhuramazda' adını formalaşdıran dil vahidlərinin ümumi şəkildə ifadə etdiyi məzmuna əsasən uyğun gəlir. Bu isə bizim dil vahidləri ilə əlaqədar olaraq apardığımız təhlilin düzgünlüyünü təsdiq edir.

Beləliklə aydın olur ki, "Anhuramazda" tərkibində 'an' sözü 'ā' və nəhayət 'a' səsinə çevrildiyi kimi 'An-tur' ('Anhur') ifadəsində olan "an" da eyni dəyişməyə uğramış və buradan da 'a-hur' yaxud 'a-tur' və nəhayət 'a-tar' sözü yaranmışdır.

Buradan isə məlum olur ki, 'atar' sözü "atəş allahı" və ya "işıq allahı" mənasını verən bir ifadədir. Məhz buna görə də "Avesta"-da oda tapınan kahinlər "odallahlı" mənasına 'atar-van' adlanmışlar. Bu tərkibdəki 'van' sözünün "sahib", buradan isə "böyük", "ağa", "başçı", "hakim" və sairə bu kimi mənalarla işlənilə biləcəyi tamamilə qanuni və təbiidir.

'Azərbaycan' sözü də doğrudan-doğruya 'a-tar' və 'pat' || 'bad' tərzində iki və daha ziyadə müstəqil sözün birləşməsindən deyil, məhz artıq birləşib əvvəlki müstəqil məzmunlarını itirməklə, yeni, ümumi bir məfhum, yəni "odallahlı", yaxud "atəşpərəstlər başçısı" mənasında işlənilən 'Atarbad' sözündən törəmişdir. Kiçik Midiya adlı yeni Midiya dövləti yaradıldıqdan sonra, onsuz da ümuma şamil qanuna tabe olmayan, öz xüsusi qanunları ilə yaşayan Muğan əhli, yəni midiyalıların qabaqcıl təbəqəsi Kiçik Midiya adlanan ölkədəki dövlət ətrafında birləşmişlər və beləliklə də Kiçik Midiyanı o zamankı atəşpərəstlərin müqəddəs ruhani mərkəzi halına salmışlar. Bunu, baş atəşgədənin Azərbaycanda (Təbrizdə) olması[10], hətta Sasanilər dövründə də muğların, xüsusən mərkəzləşdikləri Azərbaycanda daha çox əmlaka malik olmaları[11] və bunun kimi daha bir çox dəlillər sübut edir.

Bütün bura qədər verdiyimiz izahatdan tamamilə aydın olur ki, müəyyən dövrə qədər Kiçik Midiya adlanan və nəinki təkcə midiyalıların, ümumiyyətlə bütün atəşpərəstlərin ruhani, mənəvi mərkəzi sayılan, ruhani başçılarının məskəni olan ölkə, bu yerin əsil sakinləri tərəfindən deyil, bəlkə bu ölkənin xaricində olanlar tərəfindən "mağlar yurdu", "atəşpərəstlər ölkəsi", "aturbatlar məskəni" mənasına olaraq 'Aturbat' sözü və "məkan", "yurd" məfhumunu ifadə edən 'kan' ünsürünün birləşdirilməsi ilə 'Aturbat-kan' adlandırılmışdır. Sasanilər dövründə də "Aturpatkan" işlənilmişdir[12]. Erməni və gürcü mənbələrindəki 'Atırpatkan', 'Adarbadaqani' adlarında da, demək olar ki, həmin sözün ilk şəkli əsasən mühafizə olunmuşdur.

Yunanilər həmin sözün ilk hissəsini bir növ təhrif etmişlər, daha doğrusu mənimsəmək istəmişlər, elə buna görə də sonuncu ünsürünü də öz dillərinə tərcümə edərək 'Atrapat-en-iya' şəklində işlətmişlər. Deməli, 'Azərbaycan' sözü İsgəndərin dövründə Kiçik Midiya adı ilə müstəqil Yeni Midiya dövləti təşkil etməkdə qabaqcıl rol oynayan və bütün atəşpərəstlərin qibləgahında mərkəzləşmiş olan mağların (muğların) başçılarına məxsus olan 'Aturvan | Aturbat' ləqəbi ilə "məkan" mənasını verən 'kan' sözünün birləşdirilməsindən əmələ gəlmiş bir sözdür. Bu söz ilk zamanlar, ola bilsin ki, ümumən "atəşpərəstlər yurdu", "aturpatlar məskəni" mənasına işlənilmiş; sonralar, xüsusən islamiyyətdən sonra, bu söz öz əsil lüğəvi mənasını itirmiş və sadəcə bir ölkə adı kimi sabitləşmişdir.

Bu sözün tərkibindəki 't', 'k' səslərinin 'z', 'y', 'c' səsləri ilə əvəzlənməsi isə fonetik qanunlarla izah oluna bilən dəyişikliklərdir.

Beləliklə aydın olur ki, 'Azərbaycan' sözü totem adı kimi işlənilmiş 'tar | tur' sözünün, 'Atrap', 'Babək' kimi adların və ya təkcə "atəş" mənasına işlənilən 'adzər' sözünün əsasında deyil, məhz azərilərin babaları atəşpərəst midiyalıların yeni dövlət yaratmalarında qabaqcıl olan mağların (yaxud muğların) başçılarına məxsus ictimai bir ləqəb (titul) bildirən və artıq bütöv bir söz kimi formalaşmış 'aturbat' kəlməsi ilə "məkan", "ölkə" mənasına işlənilən 'kan' sözünün birləşməsindən düzəldilmiş mürəkkəb coğrafi bir addır.